“Uğur qızlarımızındır” təşəbbüsü çərçivəsində İKT ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib
Azercell gənc qadınların informasiya və
kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera
imkanlarının genişləndirilməsinə yönəlmiş “Uğur qızlarımızındır” təşəbbüsünü
davam etdirir. Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və
İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul
olan tələbə qızlarla görüş keçirilib.
Görüşdə Azercell-in Hüquq və Data
Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət
departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak
ediblər.
Müzakirələrdə texnologiya sektorunun
inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin
gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində
daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin
rəqəmsal inkişafına töhfəsi vurğulanıb.
Tələbələrin xüsusi maraq göstərdiyi süni
intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyəti barədə də məlumat
verilib. Bildirilib
ki, süni intellekt Azercell-in rəqəmsal transformasiya strategiyasının əsas
istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin
yaxşılaşdırılması, şəbəkənin daha səmərəli idarə olunması, kibertəhlükəsizliyin
gücləndirilməsi və daxili proseslərin optimallaşdırılması üzrə tətbiqini genişləndirir.
Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən Azercell ölkədə ilk
Telekom CERT komandasını yaradıb. Komanda kibertəhdidlərin aşkarlanması və
insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun
təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.
Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd
proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib.
Yeni nəsil texnologiya mütəxəssislərinin
yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi Azercell-in sosial
strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təhsilə, gənclərin
inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə
inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.