logo
logo logo
logo

Doğum zamanı ana ölümlərində şok statistika - Günahkar həkimdir yoxsa laqeyd pasiyent? 

15:54 - 06 Noyabr 2026

Doğum zamanı ana ölümlərində şok statistika - Günahkar həkimdir yoxsa laqeyd pasiyent? 

Azərbaycanda ana ölümü ilə bağlı açıqlanan son statistika narahatlıq doğurur. Belə ki, 2025-ci ildə şəhər yerlərində ana ölümü göstəricisi əvvəlki illə müqayisədə 81,1 faiz artıb. Kənd yerlərində isə əksinə, təxminən 27 faiz azalma qeydə alınıb. Bu fərq ana və uşaq sağlamlığının qorunması, hamiləlik dövründə tibbi nəzarətin təşkili və doğuş zamanı göstərilən tibbi yardımın keyfiyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir.

Bəs ana ölümləri əsasən hansı səbəblərdən baş verir? Belə faciələrin qarşısını almaq üçün məsuliyyət daha çox kimin üzərinə düşür?


Mövzu ilə bağlı Manşet.az-a danışan ginekoloq Rəşad Sultan bildirib ki, ana ölümü yalnız bir qadının xəstəlik nəticəsində həyatını itirməsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu göstərici bütövlükdə səhiyyə sisteminin fəaliyyətini, tibbi xidmətin əlçatanlığını və təşkilini əks etdirir. Həkim qeyd edib ki, hamiləliklə əlaqədar olaraq, hamiləlik dövründə və ya doğuşdan sonrakı 6 həftə ərzində baş verən ölüm ana ölümü hesab olunur. O deyib ki, ana ölümlərinin əsas səbəbləri arasında qanaxma, infeksiyalar və tromboemboliya xüsusi yer tutur. Bu halların qarşısının alınması üçün ilk növbədə riskli hamiləliklər vaxtında müəyyənləşdirilməli və qadınlar müvafiq tibbi yardım göstərə biləcək ixtisaslaşmış xəstəxanalara yönləndirilməlidir:


“Ana ölümü bütün dünyanı maraqlandıran problemdir. Bu, sadəcə bir nəfərin xəstəlikdən ölməsi deyil, səhiyyə xidmətinin göstəricisidir. Ayrı-ayrı səhiyyə mərhələlərində göstərilən tibbi yardımın, eləcə də bir sıra ictimai və dövlət faktorlarının iştirakı ilə baş verən prosesin son nəticəsidir. Buna görə də ana ölümü bir qurumun deyil, bütövlükdə cəmiyyətin və ölkənin sağlamlıq göstəricisi hesab olunur.

Ölümlər əsasən qanaxma, infeksiya və tromboemboliya, yəni damar daxilində qan laxtalanması nəticəsində baş verə bilər. Bunların qarşısını almaq üçün görülməli tədbirlərin başında riskli hamilələrin aşkarlanması və müvafiq tibbi yardımın göstərilə biləcəyi təchizatlı xəstəxanalara, mərkəzlərə yönləndirilməsi dayanır. Proses əslində hamilə qadının ilk müraciət etdiyi səhiyyə müəssisəsindən başlayır. İlk növbədə riski görmək, daha sonra həmin qadını vaxtında müvafiq tibb müəssisəsinə göndərmək lazımdır.

Riskli hamilənin vaxtında ixtisaslaşmış mərkəzə göndərilməsi problemin tam həlli demək deyil. Əsas məsələlərdən biri həmin müəssisədə zəruri tibbi xidmətin nə dərəcədə təşkil olunmasıdır. Onun fikrincə, ağırlaşma zamanı yalnız müvafiq mütəxəssislərin xəstəxanada olması kifayət etmir. Onların operativ şəkildə hərəkətə keçməsi, lazımi avadanlıq və qan ehtiyatının mövcudluğu, eləcə də müxtəlif tibbi komandaların koordinasiyalı fəaliyyəti həyati əhəmiyyət daşıyır".

Rəşad Sultanun sözlərinə görə, ana ölümlərinin qarşısının alınması üçün tibbi yardım həm vaxtında, həm də müasir tibbin standartlarına uyğun göstərilməlidir. Bu baxımdan problemin məsuliyyətini yalnız pasiyentin və ya həkimin üzərinə qoymaq düzgün yanaşma deyil:

“Birinci səbəb kimi qanaxmanı göstəririk. Bəs həmin qanaxmanı aradan qaldıra biləcək təcrübəli cərrah, cərrahi briqada, anestezioloji və reanimasiya komandası varmı? Hətta qanaxma aradan qaldırıldıqdan sonra gec mərhələdə ortaya çıxa biləcək böyrək çatışmazlığını idarə edəcək nefroloji komanda mövcuddurmu?

Burada sadəcə mütəxəssislərin olması deyil, onların əlçatanlığı və operativliyi də önəmlidir. Biz ağırlaşmalarla mübarizə aparırıq. Həyati təhlükə yarandığı anda mütəşəkkil cərrahi briqada nə qədər tez xəstəyə yardım göstərə bilir? Qan və qan komponentlərinin təminatı nə dərəcədə sürətli həyata keçirilir? Əsas suallar bunlardır.

Ana ölümünün qarşısını almaq üçün riskli hamilələr vaxtında aşkarlanmalı, müvafiq tibb müəssisələrinə göndərilməli, tibbi yardım vaxtında və tələb olunan səviyyədə göstərilməlidir. Problemin həlli də məhz bu mərhələlərdəki çatışmazlıqların aradan qaldırılmasından keçir”, - deyə R.Sultan fikirlərini yekunlaşdırıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az