Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir.
Manset.az xəbər verir ki, layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağac əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Budəfəki
ağacəkmə aksiyaları “PAŞA Holding”in dəstəyi ilə Şəki şəhərində həyata
keçirilib. Aksiya çərçivəsində şəhidlərin xatirəsinə Şəkidə 353 ədəd həmişəyaşıl
ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər
ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın və Qırmızı Ürəklər
Fondunun əməkdaşları iştirak ediblər. Aksiya Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi
ilə baş tutub.
Tədbirdə
açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib
ki, “Qəhrəmanlar Bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın
ifadəsidir. Bu təşəbbüs vasitəsilə qəhrəmanlarımızın adı təkcə yaddaşlarda
deyil, həm də yaşıl mühitin formalaşmasına xidmət edən canlı bir irsdə
yaşadılacaqdır.
Daha
sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib:
“Zəfər Günü ərəfəsində Şəkidə belə mühüm təşəbbüsün reallaşdırılması həm
torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz
xatirəsinə dərin ehtiramın göstəricisidir, həm də rayonumuzun ekoloji mühitinin
zənginləşməsinə dəyərli töhfədir. Şəhidlərimizin adını yaşatmaq və onların ailələrinə
diqqət göstərmək hər birimizin mənəvi borcudur. Əkilən bu ağaclar gələcək nəsillərə
Vətən sevgisini və qəhrəmanlıq irsini xatırladan canlı bir simvol olacaqdır.”
Bununla
da ölkə ərazisində “Qəhrəmanlar Bağı”nın sayı 32-yə çatıb. Əkilən ağaclara
qulluq olunması, suvarlanması və digər lazımi tədbirləri isə yerli İcra
Hakimiyyəti orqanları tərəfindən həyata keçirir.
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə
dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
“Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.