- Azərbaycan
ilə Vyetnam arasındakı münasibətlər dərin köklərə və tarixi yaddaşa əsaslanır.
İki ölkəni birləşdirən dostluq münasibətləri artıq yarım əsrdən çox yaşı olan
bir ənənəyə çevrilib. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana səfəri,
daha sonra 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama rəsmi səfəri
bu münasibətlərin təməlini qoyan tarixi hadisələrdir. Bu əlaqələr zaman
keçdikcə təkcə siyasi dialoqla deyil, həm də iqtisadi, humanitar və mədəni
sahələrdə dərinləşərək bugünkü strateji əməkdaşlıq müstəvisinə çatıb. Prezident
İlham Əliyevin 2014-cü ildə Hanoya rəsmi səfəri, eləcə də 2015-ci ildə Vyetnam
Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri münasibətlərdə yeni səhifə açdı.
Həmin səfərlər çərçivəsində keçirilmiş Azərbaycan–Vyetnam biznes forumu
əməkdaşlığın praktiki təməllərinin qoyulmasında mühüm rol oynadı.
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Millət vəkili vurğulayıb ki, 7 may 2025-ci il tarixində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafını yeni mərhələyə çıxardı:- "Səfər çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda səfərin
siyasi, iqtisadi və strateji baxımdan yüksək əhəmiyyət kəsb etdiyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, əldə edilmiş razılaşmalar gələcəkdə konkret
layihələrə çevriləcək və bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin dərinləşməsi
üçün mühüm rol oynayacaq: “Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə
Vyetnam arasında qəbul edilmiş Strateji
Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu,
çox ciddi siyasi sənəddir və əlaqələrimizi daha yüksək pilləyə qaldıran
sənəddir”.
- Deputatın sözlərinə görə, ikitərəfli iqtisadi münasibətlərin möhkəmləndirilməsi səfərin əsas prioritetlərindən biridir:
"İki ölkə arasında energetika, nəqliyyat, təhsil, mədəniyyət, ticarət və investisiya sahələrində geniş əməkdaşlıq perspektivləri mövcuddur. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 223,93 milyon dollar təşkil edib. Bu rəqəm iqtisadi əməkdaşlığın gələcək potensialından xəbər verir. Azərbaycan neftinin Vyetnama satışı ticarət dövriyyəsinin əsas hissəsini təşkil etsə də, bu asılılığın azaldılması və ticarətin daha balanslı şəkildə inkişafı üçün qarşılıqlı informasiya mübadiləsi vacibdir. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın “PetroVietnam” enerji qrupu arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd enerji sahəsində qarşılıqlı sərmayələrin təşviqini nəzərdə tutur. Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində artan potensialına da toxunaraq bildirdi ki, ölkə yaxın 5 il ərzində 6500 meqavatlıq təmiz enerji gücləri əldə edəcək. Bu sahəyə Vyetnam şirkətləri də dəvət olunub. Eyni zamanda, Azərbaycan tərəfinin də Vyetnamda yaşıl enerji layihələrinə sərmayə qoymağa hazır olduğu vurğulanıb".
V.Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti Vyetnamın ədalətli beynəlxalq siyasətə verdiyi dəstəyi yüksək qiymətləndirib:
"Xüsusilə BMT
Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyinin dəstəklənməsi və Qoşulmama Hərəkatı çərçivəsində sıx
əməkdaşlıq vurğulanıb. Tərəflər beynəlxalq hüququn aliliyinə, ərazi
bütövlüyünə və sərhədlərin toxunulmazlığına dair vahid mövqedən çıxış
etdiklərini təsdiqləyiblər. Tərəflər həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkələr arasında
iqtisadi əlaqələrin genişlənməsinə xidmət edə biləcəyini qeyd ediblər. Bu
dəhlizlər vasitəsilə ticarətin stimullaşdırılması məqsədilə qarşılıqlı
logistika və nəqliyyat layihələri müzakirə olunub. Səfər çərçivəsində
imzalanmış sənədlər arasında mədəniyyət,
arxiv işi, media, ədliyyə, elmi-texniki innovasiya və biznes sahələrini əhatə
edən razılaşmalar da yer alır. Xüsusilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası
arasında Birgə Biznes Şurasının yaradılması mühüm addım kimi
qiymətləndirilməlidir.