Azərbaycan sülhə hazırdır – Prezidentdən mesaj

18:10 - 21 May 2025

Azərbaycan sülhə hazırdır – Prezidentdən mesaj

"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycanın 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsinin mahiyyətinə, nəticələrinə və müharibədən sonrakı sülh prosesində ölkənin tutduğu mövqeyə dair mühüm məqamları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı".


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, prezidentin çıxışı yalnız Azərbaycanın uğurlarının təkrar xatırladılması deyil, həm də regionun gələcək geosiyasi nizamlanmasına dair Azərbaycanın mövqeyinin prinsipial şəkildə ortaya qoyulması idi:

"Azərbaycan öz ərazisində apardığı müharibə nəticəsində 30 illik işğala son qoyaraq, beynəlxalq hüquq çərçivəsində, xüsusilə də, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etmişdir. Bu müddəa hər bir dövlətin silahlı hücuma məruz qaldıqda özünü müdafiə etmək hüququnu tanıyır və Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlar da bu hüququn təzahürü kimi təqdim olunur".

Millək vəkili vurğulayıb ki, müharibə dövründə Azərbaycanın müasir texnologiyalara əsaslanan döyüş taktikası, yüksək peşəkarlıqla hazırlanmış ordusu və daxili ictimai həmrəyliyi nəticəsində 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsi azad olundu:

"Bu zaman bir dənə də fərari halı qeydə alınmadı, əksinə Ermənistan ordusu ciddi itkilər verdi və onların öz rəsmi etirafına görə 12 mindən çox fərari ordudan qaçdı. Azərbaycan yalnız hərbi yox, həm də diplomatik qələbə qazandı. Müharibədən sonra 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa olundu və qondarma qurumun ləğvi ilə nəticələndi. Bu, Azərbaycanın ərazi bütövlüyünü faktiki və hüquqi baxımdan tam bərpa edilməsi demək idi. Hazırda Azərbaycanın dövlət orqanları, qanunları və hüquqi yurisdiksiyası ölkənin bütün ərazisində — o cümlədən keçmiş münaqişə zonalarında tətbiq olunur. Prezident bəyan etdi ki, sülh prosesinin təşəbbüskarı Azərbaycan olmuşdur, və 2021-ci ildən başlayaraq Ermənistanla sülh müqaviləsinin bağlanması üçün təkliflər irəli sürülmüşdür. Azərbaycanın təqdim etdiyi 5 prinsip — dövlətlərin qarşılıqlı ərazi bütövlüyünün tanınması, bir-birinin suverenliyinə hörmət, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması kimi məsələlər — bu gün artıq Ermənistan tərəfindən də qəbul edilib".

P. Vəliyeva diqqətə çatdırıb ki, iki mühüm məsələ hələ də açıq qalır:

"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları – Ermənistan hələ də Konstitusiyasının preambulasında "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ"na istinad edir. Bu isə Azərbaycana qarşı dolayısı ilə ərazi iddiasıdır və sülh üçün əngəl yaradır. ATƏT-in Minsk Qrupunun de-yure ləğvi – De-fakto artıq fəaliyyəti olmayan bu qurumun hüquqi olaraq da ləğv olunması tələb olunur. ATƏT-in Minsk Qrupu illər ərzində nəticəsiz qaldı və münaqişənin dondurulmasına xidmət etdi. Prezidentin fikrincə, bu qrupun formal mövcudluğu belə münaqişənin bitdiyini rəsmiləşdirməyə mane ola bilər".

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan regionda sülhün, əməkdaşlığın və inkişafın təminatçısı rolunu oynamağa hazır olduğunu bəyan edib:

"Post-müharibə dövründə Azərbaycan tərəfindən təqdim edilən Zəngəzur dəhlizi, region ölkələrinin nəqliyyat infrastrukturlarının birləşdirilməsi və iqtisadi əməkdaşlıq üçün mühüm layihə kimi təklif olunur. Bu layihə təkcə Ermənistan üçün deyil, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ölkələri üçün də logistik üstünlüklər vəd edir. Prezident İlham Əliyevin Macarıstanda verdiyi bəyanat Azərbaycanın müharibə dövründə və sonrasında tutduğu prinsipial, hüquqa əsaslanan və uzaqgörən siyasətin davamıdır. Sülh üçün real və hüquqi əsaslar ortadadır, sadəcə Ermənistan tərəfdən siyasi iradə və məsuliyyətli yanaşma tələb olunur".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv