"2 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurları və qarşıdakı strateji hədəfləri bir daha aydın şəkildə ortaya qoydu".
Bu fikirləri Manset.az-a açıqlamasında millət vəkili Vasif Qafarov bildirib. Parlament üzvü qeyd edib ki, prezidentin çıxışı bir tərəfdən ölkənin enerji sektorundakı transformasiyasını xronoloji ardıcıllıqla nümayiş etdirdi, digər tərəfdən qlobal enerji gündəliyində Azərbaycanın artan rolunu vurğuladı:
"Prezident çıxışında vurğuladı ki, 1994-cü ildə keçirilən ilk neft-qaz sərgisi Azərbaycanın müasir enerji tarixində dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkənin iqtisadi vəziyyəti son dərəcə acınacaqlı idi – inflyasiya 1000 faizlə ölçülür, əhali yoxsulluq içində yaşayır, ölkədə vətəndaş qarşıdurmasının izləri hələ silinməmişdi. Məhz belə bir zamanda Ulu Öndər Heydər Əliyevin strateji baxışı ilə “Əsrin müqaviləsi” imzalanaraq Azərbaycanın enerji təhlükəsizliyinə və iqtisadi müstəqilliyinə yol açıldı.
Bu gün həmin siyasi uzaqgörənliyin nəticəsi olaraq, Azərbaycanın enerji strategiyası ölkənin iqtisadi və siyasi uğurunun təməlini təşkil edir. Azərbaycan artıq regional yox, qlobal enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevrilib. Bu gün Azərbaycan sabit siyasi sistemə və dinamik iqtisadi inkişafa malikdir. Prezident İlham Əliyev bildirdi ki, ölkə ÜDM-də neft və qaz sektorunun payı 30 faizdən artıq olsa da, iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi islahatlar həyata keçirilir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən az olması və maliyyə ehtiyatlarının xarici borcu 14 dəfə üstələməsi dövlətin maliyyə dayanıqlığını göstərir. Yoxsulluğun 5 faizə qədər enməsi isə sosial siyasətin uğurunu sübut edir. Təhsil və insan kapitalına yatırımlar, savadlılığın 100 faiz səviyyəsində olması da Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm sütunlarıdır. Bu göstəricilər onu sübut edir ki, enerji gəlirləri yalnız infrastruktur və iqtisadi artım deyil, həm də insan inkişafı üçün istifadə olunur".
Deputatın sözlərinə görə, Azərbaycanın strateji boru kəmərləri vasitəsilə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirməsi ölkəni qitələrarası enerji körpüsünə çevirib:
"Cənub Qaz Dəhlizi bu baxımdan mühüm bir layihədir. Prezident qeyd etdi ki, artıq Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 12-yə çatıb və bu proses davam edir. Bu isə ölkənin geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycanın enerji strategiyası yalnız istehsal və ixracatla məhdudlaşmır. Eyni zamanda, ölkə tranzit ölkələr və istehlakçılar arasında balanslı və sabit əməkdaşlıq modelinin formalaşmasına da töhfə verir. Prezident İlham Əliyevin çıxışında yaşıl enerji məsələləri də xüsusi yer tutdu. O qeyd etdi ki, Azərbaycanın yaşıl enerji gündəliyi iddialıdır və Azərbaycan neft-qazla zəngin bir ölkə kimi bu sahəyə ciddi sərmayələr yönəldir. 2030-cu ilə qədər 6,5 giqavat həcmində bərpaolunan enerji istehsalı nəzərdə tutulur ki, bu da ümumi enerji istehsalının 35 faizindən çoxunu təşkil edəcək. Bunun nəticəsində bir neçə milyard kubmetr qaz qənaət ediləcək və ixraca yönəldiləcək.
COP29-un Bakıda keçirilməsi və bu tədbirin “Bakı sıçrayışı” kimi xarakterizə olunması da Azərbaycanın beynəlxalq iqlim gündəliyindəki yerini bir daha təsdiqlədi. İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılması, karbon bazarının aktivləşdirilməsi bu tədbirin əsas nailiyyətləridir. Qlobal Cənub və Şimal arasında körpünün qurulması isə Azərbaycanın yalnız enerji bazarında yox, həm də beynəlxalq diplomatiyada məsuliyyətli aktor olduğunu sübut edir".
V.Qafarov qeyd edib ki, Azərbaycanın enerji siyasəti artıq sadəcə bir sahənin idarəetmə modeli deyil, dövlətin iqtisadi, siyasi və sosial inkişafının lokomotivi, beynəlxalq nüfuzunun simvoludur:
"Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı göstərdi ki, Azərbaycan bu sahədə həm daxili uğur, həm də qlobal məsuliyyət arasında uğurlu balans yaratmağa nail olub. Bu isə ölkənin yaxın və uzaq perspektivdə davamlı sürətli inkişafının göstəricisidir".