"2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlər bir daha Azərbaycanın enerji siyasətində oynadığı aparıcı rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri nümayiş etdirdi".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib. O qeyd edib ki, 39 ölkədən 267 şirkət nümayəndəsinin iştirakı ilə baş tutan bu tədbir təkcə regionun deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində idi:
"Artıq illərdir keçirilən və ənənəyə çevrilmiş “Bakı
Enerji Həftəsi” hökumətləri, transmilli şirkətləri və sənaye ekspertlərini bir
araya gətirən strateji platforma kimi formalaşıb.
Prezident İlham Əliyevin tədbirin
açılış mərasimindəki çıxışı Azərbaycanın neft strategiyasının tarixi inkişaf
yolunu və bu sahədəki mütərəqqi nailiyyətləri əhatə etdi. Qeyd olundu ki, əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti bu gün müasir
dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. 1994-cü ildə imzalanmış
“Əsrin müqaviləsi” və həmin dövrdə beynəlxalq neft şirkətləri ilə qurulan
əməkdaşlıq Azərbaycanın enerji sektorunun əsasını təşkil edib. Bu proseslər
nəticəsində ölkə iqtisadiyyatının dirçəlməsi və beynəlxalq investorların cəlb
olunması mümkün olub".
Deputat onu da bildirib ki, Azərbaycan bu gün yalnız karbohidrogen ehtiyatlarının ixracatçısı deyil, həm də strateji enerji dəhlizlərinin təşəbbüskarı və reallaşdırıcısıdır:
"Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan,
TANAP kimi mühüm boru kəmərləri regionun və Avropanın enerji təhlükəsizliyində
həlledici rol oynayır. Bununla yanaşı, Azərbaycan yaşıl enerjiyə keçid
istiqamətində də ciddi addımlar atır. Hədəf 2030-cu ilə qədər 6.5 giqavat
həcmində bərpaolunan enerji istehsal gücünə nail olmaq və ümumi enerji
balansında bu mənbələrin payını artırmaqdır.
Enerji sahəsində bu uğurlar
Azərbaycanın maliyyə sabitliyi və siyasi etibarlılığı ilə də bağlıdır. Xarici
borcun ÜDM-də payı cəmi 7 faizdən azdır, yoxsulluq səviyyəsi isə 5 faizdir. Bu
göstəricilər ölkənin iqtisadi idarəçiliyinin nə qədər düzgün aparıldığını
göstərir".
Pərvanə Vəliyevanın fikrincə, Bakı Enerji Həftəsində çıxış edən beynəlxalq rəsmilər və şirkət rəhbərləri Azərbaycanın enerji sahəsindəki mövqeyini yüksək qiymətləndirmiş, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulamışlar:
"Xüsusilə Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və Türkiyə
rəsmilərinin çıxışları, Azərbaycanın beynəlxalq enerji bazarındakı əhəmiyyətini
təsdiqlədi.
Bununla yanaşı, ötən il Bakıda
keçirilmiş COP29-un nəticələri – o cümlədən İtki və Zərər Fondunun
genişləndirilməsi, karbon bazarının işlək vəziyyətə gətirilməsi və Qlobal
Şimal-Cənub körpüsünün qurulması – Azərbaycanın yalnız enerji ixracatçısı
deyil, eyni zamanda qlobal iqlim diplomatiyasının fəal oyunçusu olduğunu
göstərdi.
Bütün bu faktorlar göstərir ki,
Azərbaycan enerjini təkcə iqtisadi resurs kimi deyil, eyni zamanda diplomatik
alət və strateji üstünlük vasitəsi kimi istifadə edir. Bu yanaşma ölkəmizin həm
regional, həm də beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir və onu enerji
siyasətinin formalaşmasında aparıcı aktora çevirir".