Cənubi Qafqazda yeni geosiyasi reallığın hüquqi zəmini 

19:58 - 12 Avqust 2025

Cənubi Qafqazda yeni geosiyasi reallığın hüquqi zəmini 
  • "2025-ci ilin 8 avqustunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən Vaşinqtonda paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik mühitinə fundamental təsir göstərə biləcək tarixi sənəddir. Bu Saziş uzun illər davam edən münaqişəyə hüquqi-siyasi nöqtə qoymaqla yanaşı, Cənubi Qafqazda ədalətli, hərtərəfli və davamlı sülhün bərqərar olması üçün geniş yol xəritəsi təqdim edir".


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib. 

Onun sözlərinə görə, bu tarixi Sazişin hər bir maddəsinin əsas məzmunu və onun strateji əhəmiyyəti üzərində ayrıca dayanmaq və təhlil etmək zəruridir:

"Maddə I — Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması

Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

Bu maddə hər iki dövlətin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanımasını təsbit edir. Bu, Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyinin rəsmən qəbul edilməsi deməkdir. Eyni zamanda, gələcək münasibətlərin hüquqi bazası məhz bu prinsiplər üzərində qurulur.

Maddə II — Ərazi iddialarından imtina

Bu maddə ilə tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını bəyan edir və gələcəkdə belə iddialar qaldırılmayacaqlarını təsdiq edirlər. Həmçinin, tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə yol verməyəcəklərini təəhhüd edirlər.

Bu maddə ilə tərəflər, bir-birinə qarşı indiki və gələcək ərazi iddialarını rədd edirlər. Bu, Qarabağın Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinə daxil olduğunu Ermənistanın qəbul etməsi və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməsi deməkdir. Bu maddə həm də separatizm və dövlət birliyini parçalamağa yönəlmiş fəaliyyətlərin qarşısını alma öhdəliyini qoyur.

Maddə III — Güc tətbiqindən imtina

Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinməyi təəhhüd edirlər. Bu maddə tərəflərdən bir-birinə qarşı güc tətbiqi və güclə hədələmə siyasətini qadağan edir. Burada həm də hər iki tərəfin öz ərazilərindən üçüncü dövlətlərin qarşı tərəfə qarşı hərbi məqsədlərlə istifadə etməsinə imkan verməyəcəyi açıq şəkildə qeyd edilir. Bu, bölgəyə xarici müdaxilə risklərini minimuma endirir.

Maddə IV — Daxili işlərə qarışmamaq

Bu maddə beynəlxalq hüququn əsas prinsiplərindən birini – dövlətlərin bir-birinin daxili işlərinə qarışmamaq öhdəliyini əks etdirir. Bu, gələcəkdə qarşılıqlı etimadın güclənməsi üçün vacibdir.

Maddə V — Diplomatik münasibətlərin qurulması

Tərəflər bu Sazişin ratifikasiya sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra öz aralarında diplomatik münasibətləri Diplomatik və Konsulluq münasibətləri haqqında 1961 və 1963-cü illərin Konvensiyalarına  uyğun qurmağı öhdələrinə götürürlər. Bu addım iki dövlət arasında münasibətlərin müharibədən tam sülh və diplomatiya müstəvisinə keçməsini təmin edəcək.

Maddə VI — Sərhədin delimitasiyası və demarkasiyası

Tərəflər hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparmağı öhdələrinə götürürlər.  

Bu maddə iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin sülh yolu ilə həlli istiqamətində danışıqların konstruktiv şəkildə davam etdirilməsini nəzərdə tutur və sərhəddə hansısa insidentlərin və qarşıdurma risklərinin qarşısını almağa xidmət edir.

Maddə VII — Sərhəddə hərbi balans və təhlükəsizlik tədbirləri

Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəkləri ilə bağlı öhdəlik götürürlər. Eyni zamanda, qarşılıqlı sərhədin delimitasiyası və demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Bu öhdəlik ilə Ermənistanla Azərbaycanın qarşılıqlı sərhədində yerləşdirilən Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinə son qoyulur. Həmçinin, bundan sonrakı dövrdə Ermənistanla Azərbaycanın sərhədi boyu hansısa üçüncü tərəfin qüvvələrinin və ya “missiyaları”nın yerləşdirilməyəcəyi təsbit olunur. Bu, iki dövlət arasında və bütövlükdə  bölgədə sabitlik üçün mühüm zəmanətdir. 

Maddə VIII — Ekstremizm və terrorizmlə mübarizə

Bu maddə ilə tərəflər öhdəlik götürürlər ki, dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün formalarını və təzahürlərini pisləyirlər, rədd edirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər. Bu maddə, hər iki dövlətin beynəlxalq təhlükəsizlik öhdəliklərinə uyğun fəaliyyət göstərməsini təmin edir.

Maddə IX — Humanitar məsələlərin həlli

Tərəflər hərbi münaqişə dövründə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görməyi, onların qalıqlarının axtarılması, tapılması və geri qaytarılması və zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsi öhdəliyini götürürlər. Bu, həm humanitar dəyərlərin, həm də barışığın qurulması prosesinin əsas hissəsidir.

Maddə X — İqtisadi, nəqliyyat, humanitar və mədəni əməkdaşlıq

Bu maddə tərəflər arasında iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmaların bağlanması imkanını yaradır. Bu, xüsusilə Zəngəzur dəhlizi və digər regional layihələrin reallaşması üçün hüquqi zəmin deməkdir.

Maddə XI — Beynəlxalq öhdəliklərin qorunması

Bu maddədə hazırkı Sazişin tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər dövlətlər ilə bağladığı müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədiyi qeyd olunur. Eyni zamanda, tərəflər öhdəlik götürür ki, onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.

Yəni, bu Saziş beynəlxalq hüquqa tam uyğundur və onu imzalayan tərəflərin beynəlxalq hüquq və öhdəliklərinə heç bir xələl gətirmir. Tərəflər bu Sazişi pozmamaq şərti ilə mövcud beynəlxalq müqavilə və öhdəliklərini icra edəcəklər.

Maddə XII — Beynəlxalq hüquqa və Sazişə sadiqlik

Bu maddədə tərəflər öhdəlik götürür ki, ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar və tərəflərdən heç biri bu Sazişi icra etməmək üçün özünün daxili qanunvericiliyinə istinad edə bilməz. Bu, hüquqi manipulyasiyaların qarşısını alır və sənədin icrasını təmin edir.

Maddə XIII — İcra mexanizmi

Bu maddədə tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya yaratmağı təəhhüd edirlər. Bu, sənədin kağız üzərində qalmaması üçün institusional təminatdır.

Maddə XIV — Mübahisələrin həlli mexanizmi

Bu maddəyə görə, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı tərəflər arasında hər hansı mübahisə yaranarsa, tərəflər bu mübahisəni əvvəlcə birbaşa məsləhətləşmələr yolu ilə həll etməyə çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Bu öhdəlik, Sazişin tətbiqi ilə bağlı tərəflər arasında yarana biləcək istənilən mübahisənin hansısa qarşıdurma yolu ilə həlli mexanizmini rədd edir, mübahisələrin ancaq dinc, diplomatik yollarla həll edilə biləcəyini qərarlaşdırır.

Maddə XV — Keçmiş iddialara son

Bu maddəyə görə, tərəflər bu Sazişin imzalanmasından əvvəl onlar arasında mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar. 

Həmçinin, tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmənçilik addımları atmayacaqlarını, bu addımları həvəsləndirməyəcəklərini və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb olunmayacaqlarını öhdələrinə götürür və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklərini bəyan edirlər. Bu, siyasi-hüquqi baxımdan tərəflər arasında münaqişənin tam bağlanması deməkdir.

Maddə XVI — Qüvvəyə minmə

Bu maddəyə görə, Saziş, hər iki tərəfin milli qanunvericiliyinə uyğun daxili prosedurları tamamlandıqdan sonra qüvvəyə minəcək və Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək. Bu prosedur, sənədin beynəlxalq tanınmasını təmin edir.

Maddə XVII — Dillər və hüquqi üstünlük

Bu maddədə qeyd edilir ki, Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanıb. Saziş mətninin hansısa müddəasının təfsirində fikir ayrılığı yarandıqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir. Bu, hüquqi dəqiqliyi qorumaq üçündür".


Millət vəkili həmçinin əlavə edib ki, bütövlükdə, bu Saziş Azərbaycanın diplomatik qələbəsi və regionun gələcəyi üçün mühüm strateji addımdır:

"Bu Saziş Azərbaycanın hərb meydanında qazandığı böyük tarixi qələbənin diplomatik müstəvidə təsdiqidir.

Bu Sazişlə Azərbaycan özünün ərazi bütövlüyünü beynəlxalq hüquqla rəsmiləşdirir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır, Azərbaycana qarşı hansısa ərazi iddialarından, destruktiv siyasətdən əl çəkdiyini və konstruktiv əməkdaşlığa başladığını bəyan edir və bu yöndə üzərinə öhdəliklər götürür. Bu öhdəliklərin təminatçısı rolunda da dünyanın supergücü ABŞ çıxış edir.

Bu Saziş yalnız Cənubi Qafqazda iki dövlət arasında münaqişənin bitməsi deyil, həm də beynəlxalq hüququn üstünlüyü, regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından yeni mərhələnin başlanğıcıdır. Bu Sazişlə Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsası qoyulur və Azərbaycanla Ermənistan arasında mehriban qonşuluq münasibətləri təsis etmək üçün geniş imkanlar yaradılır.

Bu Sazişin icrası ilə Azərbaycan regionun sabitlik və inkişaf mərkəzinə, Cənubi Qafqaz isə qarşıdurma meydanından əməkdaşlıq platformasına çevriləcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az