"Ukraynada raket zərbələri yalnız Kiyevə yönəlməyib. Onlar həm də region ölkələrinin maraqlarına qarşı yönəlib. Azərbaycanın Ukraynadakı enerji obyektlərinin Rusiya tərəfindən hədəfə alınması və vurulması təsadüfi deyil və sırf hərbi məqsəd də daşımır".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib. O bildirib ki, Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olması, Avropaya çıxardığı enerji resurslarının həcmini artırması və coğrafiyasını genişləndirməsi Rusiyanın enerji monopoliyasını zəiflədir:
"Kreml bu durumdan narahatdır və Azərbaycanın inkişafını və güclənməsini qəbul edə bilmir. Buna görə də Rusiya Azərbaycanın Ukraynadakı enerji obyektlərinə silahlı təcavüz edir. SOCAR-ın Ukraynadakı bazalarına edilən bu hücum Rusiyanın Azərbaycana münasibətdə sərgilədiyi açıq düşmənlikdir. Bunun başqa adı yoxdur".
Deputat qeyd edib ki, Moskva Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasətini Rusiyanın daxilində də aparır:
"Son zamanlar Rusiyada ictimai-siyasi və iqtisadi sferalarda təsir imkanlarına malik azərbaycanlılar məqsədli şəkildə təqib olunur, qanunsuz olaraq həbs edilir, vətəndaşlıqdan məhrum edilir, ölkədən çıxarılır və bu kimi bir çox diskriminasiya aktları həyata keçirilir. Eyni zamanda, Rusiya mediasında Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Rusiyanın Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara münasibətdə yeritdiyi bu siyasət heç bir qonşuluq və dostluq münasibətlərinə sığmır. Bu siyasət açıq düşmənçilik siyasətidir.
Bu gün Rusiyada azərbaycanlılara və digər müsəlman icmalarına və milli azlıqlara qarşı həyata keçirilən siyasət irqi, milli və dini diskriminasiya siyasətidir. Hazırda islamofobiya Rusiyanın dövlət siyasətinin alətinə çevrilib. Azərbaycanlılara qarşı bu təzyiqlər təkcə etnik diskriminasiya deyil, eyni zamanda dini və milli ayrı-seçkiliyin dövlət siyasətinə çevrildiyinin göstəricisidir. Kremlin bu siyasəti mahiyyət etibarilə faşizm siyasətidir. Bu siyasət çoxmillətli Rusiya üçün də ciddi risklər doğurur".