"“Tramp marşrutu” Azərbaycanın geosiyasi qələbəsidir" - Deputat

21:48 - 27 Avqust 2025

\"“Tramp marşrutu” Azərbaycanın geosiyasi qələbəsidir\" - Deputat

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin diqqətində oldu, çünki dövlət başçısı müsahibədə həm tarixi faktlara söykənərək Azərbaycanın necə parçalandığını izah edir, həm də bu parçalanmanın nəticələrinin bu günədək yaratdığı problemlərə diqqət çəkir. Bu yanaşma bir daha göstərir ki, dövlət başçımız bütün strateji məsələlərdə tarixə əsaslanaraq milli maraqları müdafiə edir".


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyev müsahibədə qeyd etdi ki, Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi 1920-ci ildə sovet hakimiyyəti tərəfindən həyata keçirilib və bu, əslində, Azərbaycanın süni şəkildə iki yerə bölünməsi idi:

"Qərbi Zəngəzurun Ermənistana verilməsi Azərbaycana qarşı böyük tarixi cinayət idi. Həmin dövrdə sərhədlərin olmaması problemi gizlədirdi, lakin Ermənistanın Azərbaycana qarşı təcavüzə başlaması ilə bu yol bağlandı və Naxçıvanla əlaqə yalnız hava nəqliyyatı, İran və ya digər ölkələrin əraziləri vasitəsilə mümkün oldu. Prezidentin vurğuladığı kimi, bu vəziyyət həm iqtisadi, həm də strateji baxımdan ciddi problemlər yaradır.

Dövlət başçısı əlavə etdi ki, 2020-ci ildə Qələbədən sonra Azərbaycan istəsəydi, Naxçıvanla quru əlaqəsini güc yolu ilə təmin edə bilərdi, lakin Azərbaycan beynəlxalq hüquqa hörmət edərək güc variantını seçmədi, əksinə, məsələni diplomatik yolla gündəmdə saxladı. Ermənistanın qeyri-konstruktiv mövqeyi isə ABŞ-nin, şəxsən Prezident Donald Trampın prosesə qoşulmasına gətirib çıxardı və nəticədə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”, yəni “Tramp marşrutu” konsepsiyası formalaşdı. Bu marşrut təkcə dəhlizin təhlükəsizliyini təmin etmir, həm də beynəlxalq zəmanətlərlə möhkəmlənən yeni nəqliyyat arteriyasını reallığa çevirir. Azərbaycanın haqlı tələbinin beynəlxalq miqyasda qəbul olunaraq strateji layihəyə çevrilməsi ölkəmizin böyük diplomatik uğurudur".

Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, məsafə cəmi 42 kilometrdir və bu yol Azərbaycanın təcrübəsi ilə çox qısa müddətdə tikilə bilər:

"Burada məsələ yalnız infrastruktur deyil, həm də geosiyasi mahiyyət daşıyır, çünki “Tramp marşrutu”nun reallaşması ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqə bərpa olunacaq, bu isə həm ölkədaxili logistik sistemin, həm də Azərbaycan–Türkiyə  və bütövlükdə Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa arasında yeni nəqliyyat dəhlizinin yaradılması deməkdir. Bu dəhliz Azərbaycanı Avropa ilə birləşdirən yeni strateji xəttə çevriləcək və bu dəhlizlə yüklərin və enerji resurslarının daşınması region ölkələri arasında iqtisadi inteqrasiyanı təmin edəcək. Bütövlükdə bu layihə Cənubi Qafqazı qlobal iqtisadiyyatın mühüm mərkəzlərindən birinə çevirmək gücünə malikdir.

Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan regional güc mərkəzi olmaqla yanaşı, beynəlxalq diplomatiyada da söz sahibidir. Dövlət başçısının həm tarixi faktlara əsaslanan yanaşması, həm də strateji baxışı bu gün Azərbaycanı bölgədə lider dövlətə çevirib. “Tramp marşrutu” yalnız Zəngəzur dəhlizinin bərpası deyil, həm də Azərbaycanın geosiyasi qələbəsidir. Bu layihə sayəsində ölkəmiz Avropa ilə Asiya arasında ən mühüm körpülərdən birinə çevriləcək. Prezident İlham Əliyev strateji baxışı, uzaqgörənliyi və sərgilədiyi ardıcıl  və qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını təmin edir və regionda sülh, sabitlik və inkişaf perspektivləri üçün real zəmin yaradır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az