2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatları nəticəsində başlanan və 44 gün davam edən Vətən müharibəsindən beş il ötür. Xalqımız üçün “Olum, ya ölüm” məsələsinin həll olunduğu bu savaşda möhtəşəm Qələbənin qazanılmasından ötən beş il Azərbaycanın çağdaş tarixində xüsusi yer tutur. Bu Qələbə təcavüzkar Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoymaqla yanaşı, həm də xalqımızın milli dövlətçiliyinin gücünü, iradəsini, əzmini bütün dünyaya nümayiş etdirdi. Həm hərbi, həm siyasi, həm də diplomatik sahədə əldə edilmiş bu tarixi Zəfər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qat-qat artırdı və nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada yeni reallıqlar yaratdı.
Bu gün
beş il bundan əvvəl baş verən hadisələri təhlil etməmişdən öncə Vətən müharibəsinədək
Ermənistan-Azərbaycan arasında mövcud olmuş
münaqişə dövründə bölgədə gedən
proseslərə qısa nəzər yetirməyin vacibliyi ön plana çıxır. Sovet imperiyasının
süqutu ərəfəsində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalan Azərbaycanda
xüsusilə müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmaması, hərbi
texnika çatışmazlığı və siyasi böhran səbəbindən torpaqlarımız biri-birinin
ardınca Ermənistanın keçmiş havadarlarının köməyi ilə işğal olunurdu. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan “Olum, ya ölüm” dilemması qarşısında qaldığı bu çətin dövrdə - 1993-cü ilin iyununda Ulu Öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı vəziyyəti tamamilə dəyişdi.
Dahi Liderin hakimiyyət sükanı arxasına keçməsindən dərhal sonra ölkədə xaosa,
anarxiyaya, özbaşınalığa son qoyuldu, bütün sahələrdə sabitlik yarandı. Hərbi sahədə müasir
ordu quruculuğu strategiyasının həyata keçirilməsinə başlanıldı. Həmin dövrdən
başlayaraq Silahlı Qüvvələrin formalaşdırılması dövlət siyasətinin prioritetinə
çevrildi. Ordunun strukturunun gücləndirilməsi, peşəkar və vətənpərvər zabit
heyətinin hazırlanması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və
ordunun ən müasir silahlarla komplektləşdirilməsi atılan mühüm addımlar sırasında oldu. Ulu Öndərin
gərgin əməyi sayəsində çox qısa müddətdə Azərbaycan hərbi, iqtisadi, siyasi baxımdan regionun lider dövlətinə
çevrilməyə başladı.
Sonrakı
illərdə NATO ilə əməkdaşlıq proqramları çərçivəsində ordumuzun peşəkarlığı daha
da artırıldı, Silahlı Qüvvələrimizin beynəlxalq təlimlərdə iştirakı təmin
edildi. 2003-cü il oktyabrın 15-də xalqın mütləq əksəriyyətinin səsverməsi ilə
Azərbaycan Respublikasının Prezidenti seçilən, ilk gündən başlayaraq Ümummilli
Lider Heydər Əliyevin müdrik və uzaqgörən
siyasətini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham
Əliyevin təşəbbüsləri və bilavasitə rəhbərliyi ilə dövlət büdcəsində müdafiə xərclərinin
əhəmiyyətli dərəcədə artırılması, müasir hərbi texnikanın alınması, yerli hərbi
sənaye kompleksinin qurulması və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi
nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Dövlətimizin
başçısının qeyd etdiyi kimi, biz güclü ordu yaratdıq və bu ordu Vətən müharibəsində
öz sözünü dedi.
Qüdrətli
Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi
kimi, döyüş meydanında öz sözünü deməsindən söhbət açarkən “Vətən
müharibəsinin baş məşqi” adlandırılan
2016-cı ilin Aprel döyüşlərini
xüsusi vurğulamaq gərəkdir. Məhz
2016-cı ilin aprel ayının əvvəlində düşmənin növbəti hərbi təxribatları nəticəsində
baş verən dördgünlük döyüş Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində uzun illər
davam edən status-kvonun dəyişməsinin başlanğıcı oldu. Azərbaycan Ordusu qısa
müddət ərzində mühüm yüksəklikləri, o cümlədən 1994-cü ildə Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu “Horadiz
əməliyyatı” nəticəsində işğaldan azad
edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uzun illər boyu
soydaşlarımızın məskunlaşmasına imkan verməyən, işğalçıların nəzarətində olan məşhur
Lələtəpə yüksəkliyini yağı düşməndən təmizlədi. Bu əməliyyat yalnız bir hərbi uğur deyil, həm də siyasi baxımdan
dönüş nöqtəsi oldu və Azərbaycan dövlətinin strateji qərarvermə qabiliyyətini bütün
dünyaya əyani şəkildə nümayiş etdirdi. Aprel döyüşləri Ermənistan cəmiyyətində
isə əksinə, ciddi böhran yaratdı, uzun illər haqqında miflər uydurulan “məğlubedilməz Ermənistan ordusu”nun Azərbaycan
Ordusundan daha zəif və gücsüz olması açıq şəkildə üzə çıxdı. Azərbaycan
bu döyüşlərlə sübut etdi ki, torpaqlarını hər an azad etməyə
qadirdir.
Bundan
sonra Silahlı Qüvvələrimizin daha bir möhtəşəm uğuru, 2018-ci ilin mayında
Naxçıvan Muxtar Respublikasında keçirilən Günnüt əməliyyatı Azərbaycan
Ordusunun yüksək döyüş hazırlığının bariz göstəricisi oldu. Bu əməliyyat nəticəsində
bir sıra strateji yüksəkliklər azad edildi və düşmənin əsas təchizat yolları nəzarət
altına alındı. Günnüt uğuru yalnız taktiki nəticə kimi deyil, həm də psixoloji
baxımdan önəmli hadisə idi. O vaxt Azərbaycan xalqı bir daha əmin oldu ki,
tezliklə torpaqlarımızın işğaldan azad olunması məsələsi təkcə arzuda deyil, reallıqda
da öz əksini tapacaq.
Azərbaycan
xalqının bu əminliyi təqribən 2 il sonra real həyatda öz əksini tapdı. Bu
baxımdan 2020-ci ilin iyulunda düşmən silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində
törətdiyi təxribatlar təkcə Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə
üçün deyil, bütövlükdə region üçün həm siyasi, həm də hərbi müstəvidə mühüm nəticələr
doğurdu. Ermənistanın bu təxribatının qarşısının alınması zamanı Azərbaycan
Ordusunun göstərdiyi fədakarlıq və igidlik nümunələri düşmənin bütün planlarını alt-üst etdi. Bu döyüşlər Azərbaycanda
xalq-iqtidar birliyini daha da möhkəmləndirdi və ölkədə geniş vətənpərvərlik
ruhu formalaşdırdı. Tovuz döyüşləri həm də beynəlxalq miqyasda rezonans
yaratdı. Qardaş Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi,
Pakistan, İsrail və digər
dost dövlətlər də ölkəmizə siyasi-mənəvi dəstək
verdilər.
Şübhəsiz ki, bütün bunlar Vətən müharibəsinin başlayacağı təqdirdə
qüdrətli Azərbaycan dövlətinin şəksiz qələbəsini
təmin edəcək mühüm amillər idi. Lakin 44 günlük Vətən müharibəsinədək işğalçı
Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyanın tez-tez bəyan etdiyi “Yeni müharibə, yeni ərazilər” xülyasına düşən təcavüzkar
dövlətə yuxarıda haqqında danışdığımız döyüşlər zamanı əldə olunmuş uğurlar sayəsində
verilən bu mühüm mesajlar dərs olmadı. Nəticədə
2020-ci il sentyabrın 27-də Ermənistanın əsasən mülki vətəndaşlarımızı və
obyektlərimizi hədəfə alan növbəti genişmiqyaslı hərbi təxribatlarına cavab
olaraq Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli əks-hücum əməliyyatına start verməsi ilə Vətən
müharibəsi başlandı. Tariximizə
“Dəmir yumruq” adı ilə düşən bu hərbi
əməliyyatlar Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, xalq-ordu birliyini
nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu həm o vaxtadək misli görünməmiş
hərbi üstünlüyünə nail oldu, həm də beynəlxalq hüququn təminatçısı kimi ədaləti
bərpa edərək işğal altındakı ərazilərimizin hərbi yolla azad edilməsini təmin
etdi.
“Dəmir
yumruq” əməliyyatının başlanğıcında əsas hədəflərdən biri Ermənistanın illərlə
möhkəmləndirdiyi və haqqında miflər uydurduğu
“Ohanyan xətti”nin darmadağın
edilməsi idi. Azərbaycan Ordusu
modern hərbi texnologiyalardan – pilotsuz uçuş aparatlarından, yüksək
dəqiqlikli raket sistemlərindən, elektron kəşfiyyat vasitələrindən istifadə
edərək düşmənin “keçilməz Ohanyan
xətti”ni qısa müddətdə yerlə-yeksan etdi. Cəbrayıl və Füzuli istiqamətlərində
aparılan əməliyyatlar nəticəsində Ermənistanın illərlə güvəndiyi istehkamlar
darmadağın edildi və düşmənin cəbhə xətlərindəki mövqeləri tamamilə sıradan
çıxarıldı. Müasir hərbi strategiyanın bütün üsullarından uğurla istifadə edən
müzəffər Azərbaycan Ordusu arsenalında olan ən müasir “Bayraktar
TB2” pilotsuz uçuş aparatları və “Harop”
tipli kamikadze dronlarla düşmənin zirehli texnikasını və artilleriyasını
yüksək peşəkarlıqla məhv etdi. Qısa müddətdə yüzlərlə tank, artilleriya
qurğuları və hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarıldı.
Ordumuzun qısa müddətdə təmin etdiyi bu taktiki üstünlük 44 günlük Vətən
müharibəsinin gedişatında dönüş nöqtəsi oldu, Ermənistan ordusunun ruh
düşkünlüyünü artırdı və hərbi strategiyasını iflic vəziyyətinə gətirdi.
Ümumiyyətlə,
Vətən müharibəsinin hər günü yeni qələbələrlə, hərbi uğurlarla zəngin oldu.
Oktyabrın əvvəlində Cəbrayılın, ardınca Füzulinin azad edilməsi Azərbaycan
Ordusunun hücum tempini yüksəltdi. Daha sonra Zəngilan və Qubadlının azad
olunması Azərbaycana bölgədə strateji üstünlük yaratdı. Bu əməliyyatlar nəticəsində
həm Araz çayı boyunca dövlət sərhədimiz bərpa edildi, həm də Ordumuz Şuşa istiqamətində sürətlə irəlilədi.
Bu, hərbi üstünlüyün taktiki və strateji uğurunu birləşdirən möhtəşəm əməliyyatlar
silsiləsi idi.
Bütün
dünyanı heyrətləndirən, strateji, taktiki hazırlığına və icrasına görə hərb tarixində misli görünməmiş
hadisə olan əfsanəvi Şuşa əməliyyatı Vətən müharibəsinin taleyini həll edən ən
mühüm addım oldu. Düşmən “alınmaz
qala” kimi təqdim etdiyi Şuşanın müdafiəsinə xüsusi qüvvələrini cəlb etsə də,
yüngül silahlarla silahlanmış Azərbaycan xüsusi təyinatlıları sıx meşəliklərdən
keçərək, sıldırım qayaları qarış-qarış dırmaşaraq Ermənistan silahlı birləşmələrinin gözləmədiyi istiqamətdən şəhərə daxil oldu. Şəhərin küçələrində
əlbəyaxa döyüşlər nəticəsində 28 il xilaskarını gözləyən Qarabağın tacı, qədim
mədəniyyət mərkəzimiz Şuşa 2020-ci il noyabrın 8-də düşməndən tamamilə təmizləndi. Şuşanın azad edilməsi həm
tarixi Qələbəmizin zirvəsi, həm də illərin həsrətinin sona yetməsi demək
idi. Həmin tarixi gündə yenilməz Sərkərdə,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Şəhidlər xiyabanından bu Zəfər müjdəli xəbəri
xalqımıza çatdırarkən dediyi “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri
işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm. Bütün
şuşalıları ürəkdən təbrik edirəm” sözləri çoxəsrlik tariximizə qızıl hərflərlə
yazıldı. Bu, yalnız Azərbaycanın hərbi Qələbəsinin deyil, həm də xalqımızın mənəvi Zəfərinin rəmzi
oldu və 8 Noyabr çağdaş tariximizə hər il böyük təntənə ilə qeyd edilən Zəfər
Günü kimi əbədi həkk olundu.
Müzəffər
Ali Baş Komandan, yenilməz Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu tərəfindən Şuşanın yağı düşmən tapdağından azad olunması Ermənistanın hərbi-siyasi
məğlubiyyətinin kulminasiya nöqtəsi idi.
Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan rəhbərliyi Vətən
müharibəsində biabırçı məğlubiyyətini əks etdirən kapitulyasiya aktını
imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli
Bəyanat Azərbaycanın şanlı
Zəfərini, işğalçı Ermənistanın isə hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirdi. Bəyanata
əsasən, Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz tərk etdi. Bu, həm
də Azərbaycan Lideri İlham Əliyevin misilsiz diplomatik bacarığını nümayiş
etdirən tarixi Qələbənin növbəti mərhələsi idi. Məhz bu diplomatik uğur sayəsində Azərbaycanın ərazi
bütövlüyü təmin edildi və əlavə insan itkilərinin qarşısı alındı.
Vətən
müharibəsi Azərbaycan cəmiyyətində misilsiz birlik yaratdı. Səngərdə əsgər və
zabitlər, arxa cəbhədə isə bütün xalq mübarizəyə qoşuldu. 44 günlük müharibədə
könüllülərin orduda xidməti, cəbhəyə yardımların təşkili, gənclərin fəallığı
milli həmrəyliyin ən yüksək nümunəsinə çevrildi. Bu, həm də sosial birliyin və
vətənpərvərlik ruhunun ordunun döyüş qabiliyyətini artıran güc mənbəyi olduğunu
göstərdi.
Şübhəsiz
ki, tarixi Zəfərin qazanılmasında Prezident İlham Əliyevin yenilməz Ali Baş Komandan və beynəlxalq miqyasda strateq kimi atdığı
addımlar həlledici amillərdən oldu. Onun uzaqgörənliyi,
qətiyyəti və hərbi-siyasi idarəçilik bacarığı Azərbaycan xalqının iradəsi ilə
birləşərək torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Dövlətimizin
başçısı Vətən müharibəsinədək 17 ili əhatə edən dövr ərzində yürütdüyü ardıcıl
və məqsədyönlü siyasət nəticəsində şanlı ordumuzu regionun ən güclü hərbi qüvvəsinə
çevirmişdi. 17 il ərzində həyata keçirilən hərbi islahatlar, ən müasir texnika və silahların arsenala qəbul
edilməsi, yeni qoşun növlərinin yaradılması, həmçinin, zabit heyətinin peşəkarlığının
artırılması Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırdı.
Bu hazırlıq müharibə dövründə tam şəkildə öz səmərəsini verdi. Müharibə zamanı
Ali Baş Komandan döyüş əməliyyatlarına daim rəhbərlik etdi və nəzarətdə
saxladı, hərbi qərarların strateji istiqamətlərini müəyyənləşdirdi. Bütün
bunlar Prezident, Ali Baş Komandan İlham
Əliyevin düzgün planlaşdırma və çevik hərbi-strateji yanaşmasının parlaq nümunəsi
idi.
44
günlük Vətən müharibəsi yalnız hərbi deyil, həm də diplomatik cəbhədə ciddi
sınaqlar yaratdı. Ermənistan müxtəlif vasitələrlə beynəlxalq aləmdən dəstək
almağa, Azərbaycanın haqlı mübarizəsini kölgədə qoymağa çalışırdı. Bu şəraitdə
Azərbaycan Prezidenti balanslı siyasəti, qətiyyətli arqumentləri və diplomatik
çevikliyi ilə ölkəmizin mövqeyini yüksək səviyyədə qorumağı bacardı. Savaş günlərində
Türkiyə ilə qardaşlıq münasibətlərinin gücləndirilməsi Azərbaycanın ən mühüm
üstünlüklərindən biri oldu. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
arasındakı qardaşlıq münasibətləri Azərbaycan üçün güclü diplomatik dayağa
çevrildi. Türkiyə və digər dost dövlətlərin açıq dəstəyi həm Ermənistanı, həm də
ona himayədarlıq edən qüvvələri geri çəkilməyə məcbur etdi.
Vətən
müharibəsinin gedişində Prezident İlham Əliyevin dünyanın aparıcı media
qurumlarına verdiyi çoxsaylı müsahibələr informasiya
müharibəsində də Azərbaycanın qələbəsini təmin
etdi. Bu müsahibələrdə dövlətimizin başçısı faktlara əsaslanaraq Ermənistanın
işğalçı siyasətini ifşa edir, ölkəmizin beynəlxalq hüquqa uyğun mövqeyini dəqiq
arqumentlərlə əsaslandırırdı. Bu yanaşma nəticəsində dünya ictimaiyyəti Azərbaycanın
haqlı mübarizəsini qəbul etdi, Ermənistan isə beynəlxalq müstəvidə təcrid
olundu.
Təbii
ki, Vətən müharibəsində Azərbaycanın Qələbəsinin əsas səbəbi hərbi və
diplomatik gücün sintezində idi. Döyüş meydanında qazanılan uğurlar dövlətimizin
beynəlxalq mövqeyini gücləndirdi, diplomatik dəstək isə orduda ruh yüksəkliyini artırdı. Şuşanın azad edilməsindən
sonra Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması və Ağdam, Kəlbəcər,
Laçın rayonlarının döyüşsüz qaytarılması məhz bu sintez modelinin parlaq nəticəsi
idi. Bu amillər Prezident İlham Əliyevin güclü
strateq kimi unikal yanaşmasının göstəricisi idi. Məhz bu sintez sayəsində
hərbi qələbələr diplomatik masada üstünlüyə çevrilir, diplomatik üstünlüklər isə
ordunun əməliyyat imkanlarını genişləndirirdi.
Belə
bir reallığı da xüsusi vurğulamaq gərəkdir ki, Vətən müharibəsinin nəticələri
Azərbaycanın tarixi taleyini köklü şəkildə dəyişdi. Ermənistanın illərlə
yaratdığı “qalib ölkə” mifologiyası tamamilə darmadağın edildi. Azərbaycan
xalqı öz gücünə, ordusuna və liderinə inanaraq 30 ilə yaxın davam edən işğala
son qoydu. Cənab İlham Əliyev bu müharibədə
yalnız dövlət başçısı kimi deyil, həm də Milli Lider kimi çıxış etdi. Onun rəhbərliyi
altında Azərbaycan həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan qələbə qazandı.
Bütün bunlar, yəni yenilməz iradə,
strateji düşüncə, diplomatik çeviklik və milli həmrəyliyin sintezi yeni dövrün
liderlik modeli idi. Vətən müharibəsi sübut etdi ki, dövlətimizin başçısı təkcə
Azərbaycanın deyil, bütün regionun gələcək siyasi reallıqlarını müəyyən edən
müdrik Liderdir. Vətən müharibəsində tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qurulan modern
dövlətçilik modelinin, milli gücün və xalqın iradəsinin təntənəsi oldu.
BMT,
ATƏT və digər beynəlxalq təşkilatlar isə ölkəmizin ərazi bütövlüyünün təmin
olunmasının vacibliyini təsdiqlədilər. Bu, Azərbaycanın yalnız regional deyil,
qlobal siyasi nüfuzunun da artmasını təmin etdi.
Müharibənin
sonunda, yəni 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya
arasında imzalanmış üçtərəfli Bəyanat regionda davamlı sülhün təmin olunması
üçün ilkin şərtləri müəyyən etdi. Bu sənədə əsasən Rusiya sülhməramlıları azad
edilmiş ərazilərdə yerləşdirildi. Sülhməramlıların əsas vəzifəsi tərəflər
arasında etimad mühitinin yaradılması, mülki əhalinin təhlükəsizliyinin təmin
olunması və regional sabitliyin qorunması idi.
Heç
də təsadüfi deyildi ki, Rusiya sülhməramlılarının
ərazilərimizdə yerləşdirilməsinə baxmayaraq, Ermənistan
silahlı birləşmələriin qalıqları və erməni separatçıları beynəlxalq qanunlara məhəl
qoymadan təxribatçı fəaliyyətlərini daha da genişləndirməyə cəhd edirdilər.
Onlar müxtəlif silahlı qruplar vasitəsilə Azərbaycanın Qarabağ iqtisadi
rayonunun ərazisində, Azərbaycan - Ermənistan şərti dövlət sərhədində terror
xarakterli əməliyyatlar həyata keçirməyə başladılar. Bu təxribatlar həm hərbi
infrastruktur və nəqliyyat yollarına, həm də mülki əhaliyə birbaşa təhlükə
yaradır, azad edilmiş bölgələrimizdə bərpa-quruculuq işlərinin aparılmasını
ciddi risk altında qoyurdu.
10
noyabr Üçtərəfli Bəyanatın müddəalarına əsasən Qarabağ bölgəsini dərhal tərk
etməli olan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni
silahlı dəstələrinin hələ də bölgədə qalması göstərdi ki, beynəlxalq
razılaşmalar və sülhməramlıların mövcudluğu ərazidə təhlükəsizliyin tam təminatı
üçün kifayət etmir. Təxribatçı fəaliyyətlər eyni zamanda, regional sabitliyə də
təhdid təşkil edirdi. Ermənilərin təxribat-diversiya fəaliyyətləri bölgədə gərginliyi artırır və
humanitar vəziyyətin pisləşməsinə səbəb olurdu. Bu vəziyyət Azərbaycanın hərbi
gücünün və strateji hazırlığının əhəmiyyətini bir daha ortaya qoydu.
Ermənistan
silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni
erməni silahlı dəstələri tərəfindən törədilən və azərbaycanlı mülki əhalinin, o
cümlədən ərazidə xidmət aparan polis əməkdaşlarının,
eləcə də tikinti-quruculuq işlərinə cəlb edilmiş mütəxəssislərin qətli ilə
müşayiət olunan silsilə terror aktları dövlətimizin adekvat addımlar atmağa məcbur
etdi. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu Qarabağ iqtisadi
rayonundakı separatçı-terrorçu xunta rejiminin mövcudluğuna son qoymaq üçün lokal xarakterli antiterror əməliyyatı həyata
keçirdi. Bir sutkadan da az sürən bu antiterror əməliyyatı strateji
planlaşdırma, yüksək hərbi peşəkarlıq və qabaqlayıcı taktika əsasında həyata
keçirildi. Əməliyyatın məqsədi yalnız düşmən qüvvələrinin hərbi potensialını zərərsizləşdirmək
deyil, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin
etmək idi. Operativ hərbi tədbirlər nəticəsində Qarabağ iqtisadi zonasındakı
mülki erməni əhaliyə və mülki obyektlərə heç bir zərər vermədən Ermənistan silahlı qüvvələrinin
qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin mövqeləri və döyüş
texnikası zərərsizləşdirildi, çoxlu sayda silah-sursat müsadirə edilərək ərazidən
götürüldü və ərazilərdə təhlükəsizlik təmin olundu. Bu tədbirlər həm də beynəlxalq
ictimaiyyətə ünvanlanmış diplomatik mesaj idi. Azərbaycan bununla beynəlxalq
hüquqa sadiqliyini nümayiş etdirərək göstərdi ki, ərazilərinin və vətəndaşlarının
təhlükəsizliyini qorumağa daim qadirdir.
Ümumiyyətlə,
2020–2023-cü illərdə Azərbaycanın liderliyi ilə regionda baş verən proseslər
göstərdi ki, yalnız diplomatiya və beynəlxalq razılaşmalar sülhün və təhlükəsizliyin
təmin olunması üçün kifayət etmir. Bu məsələdə mütəşəkkil hərbi hazırlıq, qabaqlayıcı əməliyyat
planları və strateji nəzarət də vacib amillərdir. Vətən müharibəsi və bir günlük lokal
xarakterli
antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun peşəkarlığı, hərbi intizamı və
yüksək texnoloji imkanları məhz bu məqsədə - dövlətin
və xalqın milli maraqlarının qorunmasına, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə xidmət edirdi.
Xüsusilə
2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin Qarabağ iqtisadi zonasında
reallaşdırdığı lokal xarakterli antiterror əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan öz sərhədlərini və vətəndaşlarını
qorumaqla yanaşı, regionda sabitliyi təmin etmək və təhlükəsizliyi möhkəmləndirmək
məqsədilə preventiv və strateji addımlar atmağa qadirdir. Belə tədbirlər qonşu
dövlətlərə, həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycanın milli maraqlarını
qorumağa sadiq qalması ilə yanaşı, tərəfsiz, prinsipial və beynəlxalq hüquqa
hörmət edən mövqedə olduğunu nümayiş etdirdi. Beləliklə, lokal xarakterli
antiterror əməliyyatı Azərbaycanın həm suverenliyinin müdafiəsi, həm də beynəlxalq
hüquqa sadiqliyinin və regionda sabitlik və təhlükəsizlik təminatına verdiyi önəmin
əyani göstəricisi oldu. Bütün
bunlar, eyni zamanda, Azərbaycanın hərbi-strateji hazırlığının yüksək səviyyədə
olduğunu, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağa daim hazır
olduğunu göstərdi.
Bu
gün, yəni postmüharibə dövründə dövlətimizin qarşısında duran əsas vəzifə
işğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, iqtisadi-sosial
infrastrukturun yenidən qurulması və 30 ildən artıq doğma torpağa qovuşmaq
arzusu ilə yaşamış keçmiş məcburi
köçkünlərin təhlükəsiz və normal həyat şəraitinə qaytarılmasıdır. Bu istiqamətdə
həyata keçirilən fəaliyyətlər Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun
uzunmüddətli inkişafını təmin edən kompleks layihələr şəklində aparılır. Dövlətin
strategiyası iqtisadi, sosial və mədəni sahələri
əhatə edərək bölgənin hərtərəfli inkişafını təmin etməyə yönəlib. Azad edilmiş ərazilərimizdə
əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iş yerlərinin yaradılması, müasir
infrastrukturun qurulması və iqtisadi sabitliyin qorunması bu strategiyanın əsas
komponentləridir.
Şübhəsiz,
bütün bu tədbirlər bir məqsədə xidmət edir: Qarabağ iqtisadi zonasını və Şərqi
Zəngəzuru yaxın illərdə ölkənin yeni inkişaf mərkəzlərinə çevirmək. Beləliklə,
Böyük Qayıdış Proqramı yalnız bərpa layihəsi deyil, həm də milli iradənin, dövlətçilik
gücünün və strateji planlamanın uğurla həyata keçirildiyinin göstəricisidir.
Proqramın icrası ilə Qarabağ və Şərqi Zəngəzur gələcək nəsillər üçün həyatın,
rifahın və davamlı inkişafın simvoluna çevriləcəkdir. Bu layihələr, eyni
zamanda, Azərbaycan dövlətinin strateji baxışını, torpaqların azad edilməsi ilə
başlayan infrastruktur və sosial layihələrin uğurlu icrasını, regionun uzunmüddətli
inkişaf potensialını nümayiş etdirir.
Bu,
bir təkzibolunmaz faktdır ki, dövlət suverenliyi anlayışı milli dövlətçiliyin təməl
daşıdır və xalqın azad iradəsinə əsaslanan siyasi müstəqilliyi, hüquqi-siyasi
sistemin müstəqil şəkildə qurulması imkanını ifadə edir. Bu prinsip yalnız ölkədaxili
idarəçilik məsələlərini deyil, həm də hər bir dövlətin beynəlxalq münasibətlərdə
bərabərhüquqlu subyekt kimi çıxış etmək imkanlarını təmin edir. Bütün ölkə ərazisində
suverenliyimizin tam bərpası xalqımızın azadlıq arzularının və siyasi iradəsinin
təntənəsidir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilmişdir. Prezident
İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən, hər il
20 sentyabr rəsmi şəkildə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu qərar
tarixi ədalətin bərpası ilə yanaşı, müasir dövrdə dövlətçilik ənənələrinin gücləndirilməsi
baxımından strateji əhəmiyyət daşıyır. Çünki dövlət suverenliyi sadəcə tarixi
xatirə deyil, həm də siyasi sabitlik, milli təhlükəsizlik və beynəlxalq aləmdə
bərabərhüquqlu mövqeyin təminatıdır. Dövlət Suverenliyi Gününün qeyd olunması,
ilk növbədə, vətəndaşlarda milli kimliyə bağlılıq hissini möhkəmləndirir, dövlətin
siyasi-hüquqi müstəqilliyinin qorunmasına yönələn məsuliyyəti artırır. Bu gün həm
də gələcəyə ünvanlanmış belə bir çağırışdır: suverenliyin qorunması hər bir vətəndaşın
borcu, güclü dövlətçilik iradəsinin davamlılığının təmin olunması isə dövlətin əsas
prioritetidir.
Vətən
müharibəsindəki tarixi Qələbəmizdən ötən 5 ildə cərəyan edən hadisələr belə bir
mühüm reallığı ortaya qoyur ki, düzgün siyasi xətt, güclü ordu və
xalq-iqtidar birliyi ilə ən mürəkkəb məsələlər belə həll oluna bilər. 44 günlük
Vətən müharibəsində
tarixi Qələbəmiz Ulu Öndər Heydər
Əliyevin və onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin
liderliyi ilə onilliklər boyu həyata keçirilən strateji siyasətin məntiqi
yekunudur. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun gələcəyinə yön verən
əsas amillərdəndir. Azad edilmiş ərazilərdə həyatın bərpası, Böyük Qayıdış
Proqramının uğurlu icrası və yeni regional əməkdaşlıq formatlarının
formalaşdırılması, xüsusilə 5 il bundan əvvəl
separatizmin və terrorçuluğun meydan suladığı, bu gün isə artıq tarixi sahibinə
qovuşmuş azad Şuşada, Xankəndidə, Ağdamda, Zəngilanda, Qarabağ iqtisadi
zonasının və Şərqi Zəngəzurun digər guşələrində mötəbər beynəlxalq tədbirlərin
keçirilməsi, bu bölgələrdən dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq
mesajlarının ünvanlanması Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin
davamıdır. Tarixi ədalətin, milli
qürurun bərpası, ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması Azərbaycan tarixində ən
böyük nailiyyətlərdən biri kimi əbədi qalacaqdır.
Albina Atlıxanova
Jurnalist