"2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçiriləcən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə görüşü Türk dünyası üçün yeni perspektivlər açır".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Türk dünyası birgə irəliyə — sülhə, təhlükəsizliyə, inteqrasiyaya doğru inamla və sürətlə addımlayır:
"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, qlobal geosiyasi mərkəzlərdən biridir. Türk dünyasının ortaq tarixi, mədəni və milli-mənəvi bağları bizi qardaşlıq bağları ilə birləşdirir. Azərbaycan bu strateji yolda konkret hədəflərlə irəliləyir. Məsələn, ölkəmiz TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə ayırıb. Ağsaqqallar Şurasına ianələr edib, bütövlükdə təşkilata üzv dövlətlərə 20 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Bu, təşkilatın möhkəmlənməsi üçün ciddi maliyyə dəstəyidir.
Daxili siyasi və iqtisadi sabitlik, gənc və dinamik əhali, nəqliyyat-logistika infrastrukturunda sürətli inkişaf və artan hərbi potensial Azərbaycanı TDT çərçivəsində ön planda saxlayır. Bu faktorlar onu yalnız regionun deyil, bütün türk dünyasının önəmli aktoruna çevirir.
Prezident Əliyev vurğuladı ki, sülh və təhlükəsizlik hər bir dövlətin inkişafının təməlidir. Naxçıvan Sazişində TDT-nin əsas məqsədləri sırasında sülh və təhlükəsizlik xüsusi yer alıb. Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsi və bu gün “Regional sülh və təhlükəsizlik” mövzusunda tədbir türk dövlətlərinin vahid və güclü mövqeyini göstərir. Hərbi-texniki əməkdaşlıq da TDT ölkələri üçün prioritetdir.
Prezident vurğuladı ki, Türkiyə ilə bu sahədə əlaqələr güclüdür: yalnız son bir ildə 25-dən çox birgə hərbi təlim keçirilib. O, 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsini təşəbbüs olaraq irəli sürdü. Bu, türkdilli ölkələr arasında müdafiə və hərb sahəsində inteqrasiyanın gücləndirilməsinə gətirib çıxaracaq".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində azərbaycanlıların qələbəsi və 2023-cü ildə aparılan əks-terror əməliyyatları nəticəsində torpaqların işğaldan azad edilməsi yalnız milli iradə ilə deyil, həm də tarixə hörmətlə bağlıdır:
"Bu, suverenliyi tam bərpa edən, ədaləti təmin edən addımdır. Vaşinqtonda Ağ Evdə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh razılaşması da bu hədəfin məntiqi davamıdır. Prezident qeyd etdi ki, Azərbaycanın yolunda durmaq mümkün deyil: işğalçı torpaqlardan qovulub, ədalətli sülh qurulub və bu, türkdilli dövlətlər üçün ümid mənbəyidir. Vaşinqton zirvəsində əldə edilmiş razılaşmalar Zəngəzur dəhlizini açmağa imkan verəcək. Bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal-Cənub marşrutunun strateji hissəsi olacaq. 2022-dən etibarən Orta Dəhlizlə yükdaşımaların 90% artması, tranzit müddətlərinin azalması və infrastruktur layihələrinin sürətlə icra edilməsi Azərbaycana beynəlxalq logistika mərkəzi statusunu qazandırıb.
Xəzər limanları, gəmiqayırma zavodu, 9 beynəlxalq
hava limanı və güclü ərazi potensialı ilə Azərbaycan tranzit ölkə kimi milli
rolu güclə həyata keçirir. Enerji təhlükəsizliyi bu Zirvənin müzakirə
mövzularından biri olacaq. Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir və boru
kəmərləri ilə təbii qaz ixrac edən ölkələr arasında liderdir. Paralel olaraq,
Azərbaycan bərpaolunan enerji investisiyalarına böyük diqqət ayırır. 2030-cu
ilə qədər enerji istehsalının təxminən 40%-i bərpaolunan enerji
mənbələri hesabına təmin edilməlidir. Azərbaycan-Türkiyə-Orta Asiya yaşıl
enerji dəhlizi layihələri bu istiqamətdə irəliləyir.
Azərbaycan təkcə TDT daxilində lider deyil; türk dünyasının
geosiyasi, iqtisadi, mədəni və enerji koordinatorudur. Bu Zirvə ilə TDT yalnız
regionun əməkdaşlıq platforması olaraq qalmaqdan çıxacaq, strateji, dayanıqlı
və nüfuzlu aktor statusunu rəsmi birtərəfli nümayiş etdirdi. Azərbaycanın və bütün türkdilli ölkələrin
geosiyasi mövqeyi getdikcə daha da güclənir və TDT artıq qlobal güc mərkəzinə çevrilir".