"Azərbaycanda “Böyük Qayıdış” proqramının icrası uğurla davam etdirilir" - Deputat

16:21 - 30 Oktyabr 2025

\"Azərbaycanda “Böyük Qayıdış” proqramının icrası uğurla davam etdirilir\" - Deputat

"Azərbaycanda “Böyük Qayıdış” proqramının icrası uğurla davam etdirilir. Bu il ərzində işğaldan azad edilmiş torpaqlara köç prosesi ardıcıl və planlı şəkildə həyata keçirilib".


Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı tarix yazan Azərbaycan həmin zəfərdən sonrakı dövrdə də yeni bir tarix yaradır:

“İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri daim Prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısının oktyabrın 28-də Cəbrayıla səfəri, Horovlu kəndinin birinci mərhələsinin açılışında, Cəbrayıl şəhər məscidinin və Şahvəlli kəndində hər biri 50 meqavat gücündə olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlqoyma mərasimlərində iştirakı bu işlərin geniş miqyasda və sürətlə aparıldığını bir daha nümayiş etdirir”.

A.Həsənova vurğulayıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində Azərbaycan uzun illər işğal altında qalmış torpaqlarını azad etdi:

“Qarabağ və Şərqi Zəngəzurun tam azad olunması ilə ölkə həyatında yeni və strateji bir mərhələ başlandı. Qarşıda duran əsas məqsəd bu torpaqlara həyatın qaytarılması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına layiq şəraitdə qayıdışını təmin etmək idi. Azərbaycan dövləti bu istiqamətdə dərhal hərəkətə keçdi və Prezident İlham Əliyevin sərəncamı ilə "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiqləndi”.

Deputat əlavə edib ki, 2020-ci ildən etibarən, 2025-ci il də daxil olmaqla, dövlət büdcəsindən bərpa və quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb:

“2026-cı ilin dövlət büdcəsində isə azad edilmiş ərazilərin bərpasına 3 milyard 500 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Bu maliyyə resursları həmin ərazilərdə planlaşdırılan layihələrin uğurla icrasına imkan yaradır. Artıq yüzlərlə ailə doğma yurdlarına qayıdıb, onlar üçün bütün zəruri yaşayış şəraiti təmin edilib. Planlara əsasən, 2026-cı ilin sonunadək "Böyük Qayıdış" proqramının birinci mərhələsi başa çatacaq və təxminən 140 min keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura geri dönəcək. Azərbaycan bütün bu nəhəng işləri tamamilə öz daxili resursları hesabına, xarici maliyyə dəstəyi olmadan həyata keçirir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az