ATƏT PA-nın
İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin Sədri Azay
Quliyev İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının 23-cü
Payız Sessiyasında “Qaydalara əsaslanan qlobal ticarət: ədalətlilik, əlaqəlilik
və davamlı inkişaf” mövzusunda Panel Sessiyasında geniş məruzə ilə çıxış edib.
Manset.az xəbər verir ki, Azay
Quliyev çıxışında üç əsas qlobal çağırışı – iqlim dəyişikliyi, müharibələr
və silahlı münaqişələr, həmçinin geopolitik rəqabətin artması və
etibarlı əlaqəlilik ehtiyacı – ATƏT məkanının təhlükəsizliyinə birbaşa
təsir edən amillər kimi qiymətləndirib.
O
qeyd edib ki, son 20 ildə iqlim fəsadlarının dünya iqtisadiyyatına 15
trilyon dollardan artıq zərər vurması, habelə mövcud emissiya
öhdəliklərinin dünyanı 2.3–2.5°C artım riskinə aparması dövlətləri daha
cəsarətli addımlar atmağa məcbur edir. Bu xüsusda, ATƏT PA-nın Porto
Bəyannaməsində COP29-un nəticələri ilə uzlaşan iddialı iqlim tədbirlərinin
zəruriliyi vurğulanıb.
Çıxışının
ikinci hissəsində Azay Quliyev müharibələrin iqtisadi sabitlik və ticarətə
vurduğu dağıdıcı təsirləri xüsusi qeyd edərək, Ukraynaya qarşı müharibənin
qlobal enerji təhlükəsizliyi və tədarük zəncirlərinə ciddi ziyan vurduğunu
bildirib. O, həmçinin Ukraynada Azərbaycanın səfirliyinin binasına edilmiş
son raket hücumunu kəskin şəkildə pisləyib və bunun Vyana Konvensiyasının kobud
pozuntusu olduğunu vurğulayıb.
Geopolitik
rəqabət və artan proteksionizmlə bağlı narahatlıqlara toxunan komitə sədri qeyd
edib ki, 2025-ci ildə dünya üzrə mal ticarətinin 0.2% azalacağı
proqnozlaşdırılır və idxal məhdudiyyətlərinin 44%-ə yüksəlməsi qlobal bazarları
parçalamaq təhlükəsi yaradır.
O,
xüsusilə Orta Dəhlizin, Zəngəzur koridorunun və TRIPP təşəbbüsünün
strateji əhəmiyyətinə toxunaraq, Transxəzər nəqliyyat şəbəkəsinin Asiya və
Avropanı birləşdirən etibarlı, davamlı və şaxələndirilmiş bağlantı arteriyası
kimi önəmini vurğulayıb.
Azay
Quliyev həmçinin ATƏT
PA daxilində fəaliyyət göstərən İpək Yolu Qrupunun nəqliyyat, enerji,
ticarət və turizm sahələrində əlaqəliliyin inkişafı üçün vacib platforma olaraq
fəaliyyətini yüksək qiymətləndirib.
Sonda
komitə sədri qeyd edib ki, dayanıqlı inkişaf, etibarlı tranzit yolları,
inklüziv iqtisadi proseslər və rəqəmsal transformasiya üzərində qurulan
əməkdaşlıq ATƏT regionunda sülh, təhlükəsizlik və rifahın əsas dayağıdır. “Bu
gün verəcəyimiz qərarlar gələcək nəsillərin yaşadığı regional nizamı müəyyən
edəcək”, – deyə o bildirib.