Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalandı - Fotolar 

15:44 - 25 Noyabr 2025

Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalandı - Fotolar 

 Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması ilə əlaqədar tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizdə əmək bazarının modernləşməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm nəticələr əldə olunmuşdur. “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da bu siyasətin məntiqi davamı olaraq, qarşıdakı illərdə sosial tərəfdaşlığın inkişafına, işçilərin rifahının yaxşılaşdırılmasına və əmək bazarının dayanıqlığına xidmət edəcəkdir.

AHİK sədri qeyd edib ki, proqram vasitəsilə həmkarlar ittifaqları əmək hüquqlarının müdafiəsini, təhlükəsiz və layiqli əmək şəraitinin yaradılmasını, gender bərabərliyi və gənclərin məşğulluğunun dəstəklənməsini gücləndirməyi hədəfləyir. AHİK sözügedən istiqamətlərdə fəaliyyətini bu proqram vasitəsilə daha da təkmilləşdirmək və əmək münasibətlərinin inkişafına real töhfə vermək niyyətindədir.

Sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalayıblar. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artırmağı nəzərdə tutur.

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az