Azərbaycan və Ermənistandan 2026-cı ildə də sülh siqnalı

20:35 - 02 Yanvar 2026

Azərbaycan və Ermənistandan 2026-cı ildə də sülh siqnalı

"Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması məqsədilə aparılan proses, 2025-ci ildə atılan konkret addımlardan sonra 2026-cı ildə də davam edəcək".



Manset.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyinin məlumatında qeyd edilir.


Məqalədə qeyd edilib ki, iki ölkə arasında 2025-ci il təmasların intensivləşdiyi və normallaşma istiqamətində praktiki irəliləyişlərin əldə olunduğu bir dövr kimi yadda qaldı:


"Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci ildə ABŞ-ın vasitəçiliyi ilə bir araya gələrək birgə bəyannamə imzaladılar. Bundan əlavə, iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Bununla da tərəflər münaqişələrə son qoymaq və tam normallaşmaya doğru irəliləmək əzmlərini bir daha təsdiqlədilər.


İl ərzində qarşılıqlı etimadı artıran addımlar atıldı. Azərbaycan Ermənistana gedən yüklər üzərindəki məhdudiyyətləri aradan qaldıraraq regional ticarət və nəqliyyat xətlərinin fəaliyyətə başlamasına töhfə verdi. Azərbaycan neftinin Ermənistana ixracına başlanması isə iqtisadi münasibətlər baxımından mühüm mərhələ kimi qiymətləndirildi".


Bildirilib ki, normallaşma prosesinin iqtisadi və infrastruktur istiqamətində “Zəngəzur Dəhlizi” kimi də tanınan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Layihəsi ön plana çıxdı:


"Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək, regional nəqliyyat və ticarət əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP Layihəsinin 2026-cı ildə Ermənistan ərazisində tikinti mərhələsinə keçməsi nəzərdə tutulur.


Siyasi və diplomatik sahədə Qarabağ məsələsini həll etmək məqsədilə yaradılmış, lakin illər ərzində heç bir nəticə əldə edə bilməmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun ləğv edilməsi normallaşma prosesinin mühüm elementlərindən biri oldu. Bu addım artıq “Qarabağ problemi” adlı bir məsələnin mövcud olmadığını və tərəflər arasındakı məsələlərin ikitərəfli formatda, birbaşa danışıqlar yolu ilə həll olunması yanaşmasının qəbul edildiyini göstərdi".


"İl ərzində tərəflər arasında aparılan təmaslarda sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması üzrə danışıqlar davam etdirildi, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət qruplar qarşılıqlı səfərlər həyata keçirdilər.


Ermənistanda 2026-cı ildə keçirilməsi planlaşdırılan ümumi seçkilər də prosesin mühüm mövzuları sırasında yer alır.


Seçkilərdən sonra Baş nazir Paşinyanın rəhbərlik etdiyi partiyanın yenidən hakimiyyətə gələcəyi təqdirdə konstitusiya dəyişiklikləri prosesinin başlanması gündəmə gələ bilər. Bu çərçivədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması məqsədilə referendum prosesinin başladılması sülh sazişinin tamamlanması baxımından kritik addım kimi qiymətləndirilir" - deyə məlumatda bildirilib.


Yazıda qeyd edilib ki, 2026-cı ildə normallaşma prosesinin daha irəli mərhələyə daşınması hədəflənir. Sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasındadır.


Enerji, nəqliyyat və ticarət sahələrində atılan addımların miqyasının genişləndirilməsi ilə iki ölkə arasında münasibətlərin davamlı sülh əsasında formalaşdırılması məqsəd qoyulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az