"Müasir dünyada beynəlxalq hüquq normaları deyil, güc amili işləyir"

13:15 - 23 Yanvar 2026

\"Müasir dünyada beynəlxalq hüquq normaları deyil, güc amili işləyir\"

"Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir dünyanın necə işlədiyini və Azərbaycanın bu reallıqlar içində öz yerini necə tapdığını açıq şəkildə göstərir. Bu müsahibə sadəcə mövqelərin ifadəsi deyil, həm də yeni beynəlxalq münasibətlər sisteminə verilən siyasi diaqnozdur".


Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. O qeyd edib ki, bu gün beynəlxalq hüququn hamı üçün eyni dərəcədə işləmədiyi reallığını artıq gizlətmək mümkün deyil:

"Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dünya “qanunun aliliyi” mərhələsindən “güc qaydası” mərhələsinə keçib. Azərbaycan isə bu reallıqda nə emosiyalara, nə də avantüraya qapılmadan, milli maraqlarına əsaslanan, eyni zamanda beynəlxalq hüquqa söykənən yol seçib. Məhz bu yanaşma ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinə imkan verib.

Cənab Prezidentin müsahibəsinin ən diqqətçəkən məqamlarından biri sülhlə bağlı mesajlardır. Uzun illər münaqişə və müharibə yaşamış bir regionda sülhün gündəlik həyat norması kimi formalaşmağa başlaması tarixi hadisədir. Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, konkret addımlarla möhkəmləndirir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Cənubi Qafqazda uzun illər davam etmiş münaqişədən sonra sülhün təmin olunması istiqamətində Azərbaycanın göstərdiyi səylərə verilən beynəlxalq qiymət kimi dəyərləndirilməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlər tədricən əməkdaşlıq müstəvisinə keçməkdədir. Bu çərçivədə Ermənistan istiqamətində yükdaşımalarla bağlı məhdudiyyətlər aradan qaldırılıb, habelə əsas məhsulların, o cümlədən neft məhsullarının təchizatına başlanılıb. Bu proses regionda etimadın möhkəmlənməsinə və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına xidmət edir".

Onun sözlərinə görə, enerji məsələsində Azərbaycan artıq təkcə istehsalçı yox, regional enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir:

"Avropanın qaz təchizatında Azərbaycanın rolu getdikcə artır. Geniş ixrac coğrafiyası, müasir boru kəmərləri və etibarlı tərəfdaş imici Azərbaycanı qlobal enerji xəritəsində mühüm aktora çevirir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdən biridir.

Avropa Parlamenti ilə münasibətlərə dair sərt mövqe isə Azərbaycanın öz siyasi xəttini müdafiə etmək əzmini göstərir. Azərbaycan ikili standartlara reaksiya verməkdən imtina edir. Bu, emosional deyil, maraqlara əsaslanan diplomatiyadır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın artıq proseslərin obyektinə deyil, subyektinə çevrildiyini nümayiş etdirir. Ölkə regional gücdən daha geniş siyasi çəkisi olan aktora çevrilir. Sülh, enerji və sabitlik üzərində qurulan bu siyasət Azərbaycanın yeni dövrdə əsas üstünlüyü kimi çıxış edir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az