"Minsk qrupu tarixdə riyakarlığın və neokolonial düşüncənin simvolu kimi qalacaq"

19:12 - 13 May 2026

\"Minsk qrupu tarixdə riyakarlığın və neokolonial düşüncənin simvolu kimi qalacaq\"

Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalması yalnız Ermənistanın təcavüzkar siyasətinin nəticəsi deyildi. Bu proses həm də beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, ikili standartlara əsaslanan yanaşması və böyük dövlətlərin geosiyasi maraqları səbəbindən uzandı. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqına illərlə “münaqişənin hərbi həlli yoxdur” deyən beynəlxalq vasitəçilər əslində status-kvonun qorunmasına xidmət edirmişlər. Azərbaycan isə tarixi Qələbəsi ilə təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Minsk qrupunun diplomatik iflasını bütün dünyaya nümayiş etdirdi. 


Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupu yaradılarkən formal olaraq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası daşıyırdı:

"Lakin illər keçdikcə məlum oldu ki, bu qurum problemin həllindən daha çox onun dondurulmasında maraqlıdır. ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri olan həmsədr dövlətlər beynəlxalq hüququn təminatçısı olmaq əvəzinə, selektiv yanaşma nümayiş etdirirdilər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri də kağız üzərində qalırdı. Bu məqamda sual olunur: Nə üçün 2011-ci ildə Minsk qrupunun həmsədrlərindən biri olan Fransa BMT TŞ-nin qətnaməsini 48 saat ərzində həyata keçirdi, Liviyanı bombaladı, lakin Qarabağla bağlı qətnamələr 30 ilə yaxın icrasını gözlədi? Şübhə yoxdur ki, əgər həmin qətnamələr başqa bir regionla bağlı olsaydı, böyük ehtimalla dərhal icra ediləcəkdi. Lakin söhbət Azərbaycandan gedəndə beynəlxalq hüquq “mürəkkəb diplomatik proses” adı altında illərlə təxirə salındı. Bu, beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunələrindən biri idi. Prezident İlham Əliyev dəfələrlə bu həqiqətləri beynəlxalq tribunalardan səsləndirərək Minsk qrupunun qərəzli fəaliyyətini sərt tənqid edib. 44 günlük müharibədən sonra isə həmsədrlərə açıq şəkildə bildirdi ki, artıq onlara ehtiyac qalmayıb və Azərbaycan onları ölkəyə dəvət etmir.

Minsk qrupunun ən çox təkrarladığı tezis “münaqişənin hərbi həlli yoxdur” fikri idi. Əslində isə bu yanaşma Azərbaycanın işğalla barışmasına hesablanmışdı. Həmsədrlər kompromis adı altında Azərbaycana təslimçi sülh modeli qəbul etdirmək istəyirdilər. Hətta “Şimali Qarabağ” kimi uydurma terminlər ortaya atılırdı ki, bu da Azərbaycanın suverenliyinə qarşı açıq hörmətsizlik idi. Bu illər ərzində Azərbaycan şəhərləri dağıdılır, kəndlər viran qoyulur, məscidlər təhqir edilir, mədəni irs məhv olunurdu. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparılır, təbii sərvətlər talan edilirdi. Lakin Minsk qrupu bütün bunlara ya susur, ya da formal bəyanatlarla kifayətlənirdi".

V.Rəhimzadə diqqətə çatdırıb ki, həmsədrlərin bölgəyə saysız-hesabsız səfərləri nəticəsiz “diplomatik turizm”dən başqa bir şey deyildi:

"Xüsusi nümayəndə Anji Kasprşik isə illərlə bu prosesə yüksək maaşlı və rahat bir fəaliyyət sahəsi kimi yanaşdı. 2020-ci ildə Azərbaycan Ordusu cəmi 44 gün ərzində həm Ermənistan ordusunu darmadağın etdi, həm də Minsk qrupunun illərlə yaratdığı mifləri dağıtdı. Azərbaycan öz gücü hesabına BMT qətnamələrini icra etdi və beynəlxalq hüququn işləmədiyi yerdə tarixi ədaləti özü təmin etdi. Bununla da Minsk qrupu diplomatiya tarixində uğursuzluğun, riyakarlığın və ikili standartların simvoluna çevrildi".

Millət vəkili bildirib ki, regionda davamlı sülhün qarşısını alan əsas amillərdən biri də Ermənistanın müstəqil siyasət yürütmək qabiliyyətinin  olmamasıdır:

"Tarix boyu müxtəlif güclərin himayəsinə sığınan Ermənistan bu gün də xarici dairələrin geosiyasi planlarında alət rolunu oynayır. Bir vaxtlar Rusiyanın təsiri altında olan İrəvan indi Fransanın regiondakı siyasətinin əsas dayaqlarından birinə çevrilib. Xüsusilə Fransanın Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək üçün Ermənistanı istifadə etməsi açıq görünür. Parisin neokolonial yanaşması yalnız Afrikada deyil, artıq Qafqaz siyasətində də hiss olunur. Fransa Prezidenti Emmanuel Makron isə anti-Azərbaycan ritorikası ilə regionda sülhə deyil, gərginliyə xidmət edən mövqe sərgiləyir. Prezident İlham Əliyevin Zəngilanda sakinlərlə görüşündə dediyi kimi, gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi".

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi Qələbə deyildi:

"Qarabağ Zəfəri göstərdi ki, milli birlik, güclü siyasi iradə və müstəqil siyasət istənilən beynəlxalq təzyiqi neytrallaşdırmağa qadirdir. Bu Zəfər, həmçinin Qafqazda 200 illik ədalətsiz status-kvonu dağıtdı və regionda yeni geosiyasi reallıq yaratdı. Artıq regional gündəliyi Bakı və Ankara müəyyən edir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas memarlarına çevriliblər. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan Ermənistanla sülh prosesinin əsas təşəbbüskarıdır. Rəsmi Bakı davamlı sülh müqaviləsinin imzalanmasını dəstəkləyir və regionda uzunmüddətli sabitliyin təmin olunmasını istəyir. Lakin, eyni zamanda, Ermənistanda revanşist qüvvələrin fəallaşması və Avropa İttifaqının (Aİ) missiyası adı altında bölgədə yeni təsir mexanizmlərinin yaradılması ciddi suallar doğurur. Xüsusilə Fransanın dəstəklədiyi Aİ missiyası bölgədə etimadın güclənməsinə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Əlavə gərginlik ocaqlarının yaradılmasına ehtiyac yoxdur. Çünki bu gün dünya yeni geosiyasi böhranlarla üz-üzədir. İran-İsrail-ABŞ qarşıdurması, Hörmüz boğazı ətrafındakı risklər, enerji və ərzaq qiymətlərinin artması qlobal iqtisadiyyata ciddi təsir göstərir. Dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında yaranan təhlükə beynəlxalq bazarlarda ciddi narahatlıqlar yaradır".

V.Rəhimzadə həmçinin əlavə edib ki, hazırki müharibələr və qarşıdurmalar fonunda Azərbaycan daxilində qorunan sabitlik və təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan bu gün təkcə regionun güclü dövləti deyil, həm də etibarlı tərəfdaş və təhlükəsizlik təminatçısıdır".

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, ATƏT-in Minsk qrupu tarixə uğursuz vasitəçilik modeli kimi düşdü:

"Onun fəaliyyəti beynəlxalq diplomatiyanın necə siyasi maraqlara tabe olduğunu açıq şəkildə göstərdi. Otuz il ərzində həll olunmayan problem Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində cəmi 44 gündə həll edildi. Bu Qələbə yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn da Qələbəsi oldu. Minsk qrupu isə tarixdə diplomatik riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq. Azərbaycanın yaratdığı yeni reallıq artıq geri dönüşü olmayan siyasi və tarixi həqiqətdir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az