"Azərbaycan-Türkiyə hər zaman olduğu kimi, bir yerdədir və bir yerdə olacaq" - Prezident

18:50 - 20 Oktyabr 2022

\"Azərbaycan-Türkiyə hər zaman olduğu kimi, bir yerdədir və bir yerdə olacaq\" - Prezident

“Əziz qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük, uğurlu yol keçib, dünya miqyasında güc mərkəzinə çevrilib”.

 

Manset.az xəbər verir ki, bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, kriz yaşanır. Ölkələr idarəolunmaz vəziyyətə düşür. İqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, böyük layihələr həyata keçirir. Bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda Rəcəb Tayyib Ərdoğana çox böyük hörmət, məhəbbət var: “Bunu Azərbaycana gələn hər bir insan görür. İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz: hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Və bu gün əziz qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az