Bu gün Qərbin ermənipərəst dairələri Cənubi Qafqazda müvəqqəti də olsa hökm sürən sabitlikdən ən çox narahatlıq keçirən tərəfdir. Bunu rəsmi Bakı hər kəsdən yaxşı başa düşür. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqi daha çox anti-Qərb məzmunu, xüsusilə də ABŞ və Avropa İttifaqına ünvanlı tənqidi ritorikayla diqqət çəkdi.
Çünki 4 il əvvəl ilahi-ədaləti bərpa edən, 30 ildən çox BMT-nin icra edilməyən qətnamələrini öz gücü hesabına, canı-qanı bahasına həyata keçirən bir Azərbaycan var. Lakin geridə qalan proseslərə kiçik bir nəzər salmaq düşünməyə kifayət edir ki, Qərbin ermənipərəst dairələri və okeanın o tayındakı anti-Azərbaycan qüvvələr regionda yaranmış yeni reallığı nəyinki qəbul etmək istəmir, hələ bu azmış kimi əllərindən gələni etməyə hazırdırlar ki, Cənubi Qafqazn təzədən qan çalağına dönsün.
Məhz buna görə də dövlət başçımızın 14 fevraldakı bu çıxışı 2020-ci il savaşından sonra bölgədə yaranmış reallıqları qəbul etmək istəməyən, Qərbdə Azərbaycanafobiyanı təşviq edənlər üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır. Amma hadisələrin axarı göstərir ki, hər "başna gələn başmaqçı olmur". Yenidən regionda sabitlik görmək istəməyən, barıt qoxusunu hiss etmək istəyən qüvvələrin fitnəsinə uyan Ermənistan vəziyyətin gərginləşməsi üçün istər diplomatik, istərsə də hərbi ritorikalarında bundan əvvəlki səhvləri təkrarlamağa başlayıb.
3 gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın yenidən su yoluna döndərdiyi Fransaya uçmasının səbəbləri artıq hər kəsə bəllidir: Hərbi əməkdaşlığı gücləndirmək, rəsmi Parisdən siyasi və hərbi dəstəyi sonacan göstərəcəyinə əmin olmaq...
Ermənistan baş nazirinin son açıqlamalarından da bu qənaətə gəlmək olur ki, Parisdə Nikol Paşinyanın beynini əməllicə doldurublar. Əgər Paşinyan ötən il “Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq” deyirdisə, indi, o, Azərbaycanın Ermənistan ərazilərinin işğalı və müharibə təhlükəsindən danışmağa başlayıb. Belə bir tezlikdə Paşinyanın sülh ritorikasının dəyişməsi təəccübləndirdimi? - Əlbəttə ki, xeyr!
Rəsmi Parisin bu açıqlamalar fonundakı reaksiyalarına diqqət yetirmək İrəvanın Fransa rəhbərliyidən bir "təhlükəsizlik qarantı" aldığını düşünmək üçün kifayət edir. Aydın görünür ki, Paşinyanın sərsəm bəyanatları ilə paralel olaraq Fransa rəsmiləri də “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər. Bütün bu hadisələrlə paralel olaraq Paşinyan Parisdən Ermənistana qayıdar-qayıtmaz Fransanın müdafiə nazirinin İrəvana tənginəfəs səfəri və Ermənistanı yeni hərbi texnika ilə təhciz edəcəklərinə dairöhdəlik götürmələri kimin müharibəyə hazırlıq gördüyünü açıq şəkildə ortaya qoyur.
Ermənistan artıq odla oynadığının fərqində deyil. Çünki Fransa təkcə Ermənistan üzərindən Azərbaycanı yox, Rusiya və Türkiyəni də hədəf almaq niyyətini gizlədə bilmir. Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduracağını barədə açıqlamasının Parisin planının tərkib hissəsi olduğu istisna edilmir.
Bu hadisələri indiki məqamda Brüssel Rusiya ilə əməkdaşlıq edənləri hədəf götürməyə başlayıb kimi də çərh edə bilərdik. Əgər Paris ilə İrəvanın yaxın keçmişə söykənən bir haqq-hesabı olmasaydı. Amma KTMT məsələsinə gəlincə, Parisin İrəvan qarşısında qoyduğu əsas tapşırıqlardan birinin məhz bu olduğu, Rusiyanın Cənubi Qafqazdakı rolunun zəiflədilməsinə hesablandığı zərrə qədər də şübhə edilmir. Ermənistanı Kremlin orbitindən çıxarmaq üçün İrəvan qarşısında qoyulan bu tapşırığın öhdəsindən İrəvanın nə dərəcədə gələcəyə şübhə doğurur. Avropa Ittifaqının Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməsi Ermənistanın uzun illər forpost funksiyasını yerinə yetirdiyi Rusiya qarşısında birdən-birə "diriləcəyi" inandırıcı deyil.
Amma görünür Paşinyan keçmiş ağasının çətirini fransız çətirinə dəyişməkdə israrlıdır. Qərbin ermənipərəst institutlarına söykənərək, bu dəfə onların təhlükəsizlik çətirində özünə sığınacaq tapacağına nədənsə əmin görünən Nikol Paşinyan geridə qalan 4 ildə nələr baş verdiyini unutmamalıdır. Onu da unutmamalıdır ki, Rusiyadan fərqli olaraq Azərbaycana qarşı istənilən təxribat xarakterli addımın nəticəsi İrəvan üçün ağır nəticələrə gətirib çıxara bilər.
Sonuncu dəfə dünən Ermənistan növbəti hərbi təxribata əl atdı. Qarşı tərəf Basarkeçər-Kəlbəcər istiqamətində Ermənistan təxribat törətdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bir cümlə xüsusilə diqqət çəkdi: “İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib”.
Bu bəyanatın özü bir daha deyir ki, Fransa və Ermənistan Azərbaycanı açıq şəkildə provokasiyaya çəkir, lakin Bakı strateji təmkin göstərərək cavab üçün uyğun zaman gözləyir. Azərbaycanın son təxribat sonrası Ermənistana adekvat cavab verməməsi onun çəkindiyi anlamına gələ bilməz. Səbəb nə olursa-olsun, Azərbaycan heç bir vəziyyətdə İrəvanın regional sabitliyi pozmaq üçün "səylərinin" genişlənməsinə imkan verməyəcək. Ermənistanın Qərbin fitnəsinə uyaraq şərti sərhəddəki 5 aylıq atəşkəsi pozaraq regionun təhlükəsizlik balansını dağıtmağa çalışmaq cəhdi istənilən an rəsmi İrəvanın öz başında çatlaya bilər.
Çünki Azərbaycanın səbri sonsuz deyil. Ən azından bunu Ermənistan elə keçən ilin 19-20 sentyabrında antiterror tədbirlərindən yaxşı xatırlaya bilərlər. Məlumdur ki, məqsəd Qərbin regiondakı gərginliyə hərbi müdaxiləsinə zəmin yaratmaqdır. Lakin öz gücünə və artan hərbi potensialına bələddir. Yaxşı olar ki, Ermənistan da artıq tərəfindən ardıcıl məğlubiyyətə məruz qaldığı Azərbaycan Ordusunun nəyə qadir olduğunu gözü önünə gətirsin.
Atabəy Türkel