Bu gün "İnkişafa və islahatlara dəstək" İctimai Birliyinin yaranmasından 4 il ötür.
Mən də bir vətəndaş olaraq, ictimai nəzarətin həyatə keçirilməsi üçün addımlar atmağa başladım. Çünki hər birimiz bu ölkənin vətəndaşıyıq və ehtiyac olan yerdə əlimizi daşın altına qoymağı bacarmalıyıq.
Elə həmin ərəfələrdə ölkəmizdə pandemiya dövrü başladı. Mən də bir vətəndaş olaraq əlimdən gəldiyi qədər ölkəmizdə aparılan "Evdə qal" kampaniyasında aktiv iştirak etməyə başladım. Bu dövrdə 7000 ədəd maska hazırladıb ehtiyacı olan insanlara payladıq.
Bununla bərabər mən, dostlarımın da dəstəyi ilə 850 ailəyə ərzaq yardımı etdik.
Daha sonra bu işləri rəsmi şəkildə etməyi qərara aldım və "İnkşafa və islahatlara dəstək" İB təsis etdik.
29 İyul 2020 ci ildə Ədliyyə Nazirliyi tərəfindən təşkilatımız rəsmi olaraq qeydiyyata alındı. Elə bu ərəfələrdə 44 günlük vətən müharibəsi başladı.
Vətən müharibəsi dövründə də biz təşkilat olaraq, arxa cəbhədə ordumuza əlimizdən gələn dəstəyi verdik.
Müharibə dövründə çox saylı şəhid ailələri və qazilərimizlə görüşüb, onların dərdini paylaşmağa çalışdıq. Zəfər xəbərindən sonra şəhid və qazilərimizin həyat və döyüş yolunu işıqlandırmağa və filmləri özümün təsis etdiyim "Öndər.tv" internet televiziya kanalında yayımlamağa başladıq. Bu günə kimi 150 yaxın şəhid,50 yaxın qazimiz haqqında çəkiliş etmişik.
Bundan əlavə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhidlərin və qazilərin həyat yolunun işıqlandıraraq gənc nəsilin maarifləndirilməsi" layihəsi çərçivəsində 20 şəhid,10 qazinin həyat yolu haqqında film çəkərək "Öndər.tv" internet televiziyasında yayımlamışıq. Bununla yanaşı "Zəfər tariximizin regionlarda təbliği" adlı layihəsi çərçivəsində bir sıra rayonlarımızda maarifləndirici tədbirlər həyata keçirmişik.
Ölkəmizdəki tədbirlərdən əlavə İctimai Birlik olaraq,qardaş Türkiyə Respublikasında da bir sıra tədbirlərdə iştirak edib ölkəmizi layiqincə təmsil etməyə çalışmışıq.
Bundan sonra da hər zaman dövlətimizin apardığı daxili və xarici siyasətə dəstək olaraq hər zaman töhfə verməyə çalışacağıq.
"İnkişafa və islahatlara Dəstək" İctimai Birliyin
sədri Ramil Əliyev