Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə
komitənin sədri Fazil Mustafa, sədr müavini Sahib Alıyev, üzvləri - Azər
Allahverənov və Səbinə Salmanova, ekspert Əkbər Qoşalı, AHİK-in nümayəndələri iştirak
ediblər.
Konfederasiya
sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti
üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin başçısı cənab İlham Əliyevin
bu sahəyə diqqət və qayğısından danışıb, ittifaq üzvlərinin əmək, sosial,
iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin
təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə
AHİK-də aparılan struktur islahatları, həyata keçirilən layihələr, tətbiq
olunan yeniliklər, Əmək və Sosial Münasibətlər Akademiyasında kadr hazırlığı
üçün yaradılmış əlverişli şərait deputatların diqqətinə çatdırılıb. Bildirilib
ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, “Layiqli
Əmək Səfirləri” layihəsinə başlanılıb, yaxın vaxtlarda isə ittifaq üzvləri üçün
xüsusi endirimlər nəzərdə tutan "AHİK Plus" proqramına start veriləcək.
Qeyd olunub ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm
İnformasiya Mərkəzi yaradılıb, prosedur sadələşdirilib, prosesin tam rəqəmsallaşdırılması
işləri davam etdirilir.
AHİK-in
2025-2027-ci illər üzrə inkişaf strategiyasının təsdiqləndiyini vurğulayan Konfederasiya
sədri beynəlxalq təcrübəyə və müasir çağırışlara uyğunlaşdırılması üçün həmkarlar
ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlandığını qeyd edib.
Sonra
AHİK-in fəaliyyəti və “Layiqli Əmək Səfirləri” layihəsi barədə videomateriallar
nümayiş olunub.
Milli
Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa
Konfederasiyada həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Deputatlar
- Sahib Alıyev, Azər Allahverənov və Səbinə Salmanova çıxışlarında əmək münasibətlərinin
tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar
ittifaqlarının xidmətlərindən bəhs edib, qurumun işinə uğurlar arzulayıblar.
Sonra
Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin
“Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq
edilən yeniliklərlə tanış olublar.