Mayın
6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev:
Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın
açılış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, beynəlxalq
tələbə himni olan “Gaurdeamus” oxunub. ADU-nun rektoru, akdemik Kamal Abdulla
konfrans iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun
olduğunu bildirib. Kamal Abdulla qeyd edib ki, ənənəvi şəkildə hər il ADU-da
Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər
keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq
elmi konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, konfransa maraq
böyükdür:
“Beynəlxalq
elmi konfransa dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən olan elm,
mədəniyyət, ictimaiyyət nümayəndələri qatılıb. Konfransa maraq böyükdür.
Konfrans çərçivəsində bir sıra universitetlərlə müqavilələr imzalanacaq. Bu,
beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət daşıyır. Həmçinin bu görüşlər
gələcəkdə yeni elmi əməkdaşlıq üçün əlverişli şəraitin yaranmasına imkan verəcək.
ADU-nun son illər beynəlxalq nüfuzunun artması QS reytinqlər cədvəlində də əyani
şəkildə özünü göstərir. Belə ki, ADU bu il QS reytinqlər cədvəlində yüz pillə
irəliləməyi bacarıb. Bu, böyük uğurdur. Konfrans çərçivəsində bir sıra layihələr
həyata keçiriləcək, müəllim-tələbə mübadilə proqramları ilə bağlı müzakirələr
aparılacaq. Ulu öndər Heydər Əliyevin işığı bu gün də bizimlədir. Konfransda
iştirak edən bütün iştirakçılara öz təşəkkürümüzü bildiririk”.
Ankara
universitetinin rektoru Necdet Ünüvar konfransın təşkilini yüksək qiymətləndirib.
Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən rektor bildirib ki,
konfrans özündə böyük bir mənanı əks etdirir: “Bu mənanın ətrafında sevgi ilə
birləşən Azərbaycan Dillər Universiteti və bütün konfrans iştirakçıları son dərəcə
mühüm bir missiyanı uğurla həyata keçirirlər. Ankara Universiteti ilə ADU
arasında beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra görüşlər keçirilib. Bu
görüşlər əsasən elmi əməkdaşlıq və dostluq münasibətlərini özündə ehtiva edir”.
İlk dəfə
olaraq ADU-da açılacaq Tömər layihəsi ilə bağlı məlumat verən rektor bu addımın
konfrans çərçivəsində atılan ən vacib hadisələrdən biri olduğunu vurğulayıb.
Pakistan Milli Müasir Dillər Universitetinin rektoru, general-mayor Şahid Mahmud Kayani konfransda iştirakı ilə bağlı məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan konfrans son dərəcə mühüm əhəmiyyətə malikdir. Qarşılıqlı elmi əməkdaşlığın və tərəfdaşlığın önəmindən danışan rektor konfransın gələcək elmi görüşlərin keçirilməsi üçün yaratdığı imkanlardan söz açıb.
Peruca
Əcnəbilər Universitetinin rektoru Valerio de Cesaris qeyd edib ki, konfrans
özlüyündə həm elmi, həm də mədəni tərəfləri birləşdirir. Azərbaycan və İtaliya
arasında sıx tərəfdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin
inkişafı özünü elmi istiqamətdə də göstərməkdədir.
Tədbirə
onlayn qoşulan Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Vulf
konfransla bağlı fikirlərini səsləndirib. Qeyd olunub ki, Ulu öndər Heydər
Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı keçirilən konfrans öz əhəmiyyəti
ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər, tələbələr bu
konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar.
Pakistan
İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım
Mohiuddin Azərbaycan və Pakistan arasında olan sıx iqtisadi, siyasi, elmi və mədəni
əlaqələrdən danışıb, konfransı elm adamları və tələbələr üçün mühüm imkan kimi
dəyərləndirib.
Milli Məclisin
təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili
Sadiq Qurbanov, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,
millət vəkili Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad
Nurullayev, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov,
Özbəkistan Dünyəvi Dillər Universiteti, Pedaqogika və psixologiya kafedrasının
müdiri Dusmurod Djuraev, Özbəkistan-Finlandiya Pedaqoji İnstitutunun Tədris İşləri
üzrə prorektoru Zarifa Muminova, Azərbaycan Katolik Kilsəsinin Apostol
Prefekturasının sədr müavini Marek Jozey, Varşava Universitetinin professoru
Danuta Chmelovskaya, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının yepiskopu Aleksiy Yuriyeviç Smirnov, Arizona Dövlət
Universitetinin məsləhətçisi və ictimai siyasət eksperti Jannah Scott,
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransa olan beynəlxalq
səviyyəli maraqdan danışıblar. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, ADU-da
Ulu öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunan konfransın ənənəvi
olaraq keçirilməsi dünyanın elmi və mədəni mühitinin diqqətinin ölkəmizə cəlb
olunması baxımından vacib addımdır.
Heydər
Əliyevin rəhbərliyi dövründə Azərbaycan müxtəlif etnik və dini icmaların dinc
birgəyaşayışının təmin edildiyi bir ölkə olaraq formalaşdı. Ulu Öndər hər zaman
vurğulayırdı ki, Azərbaycanın gücü onun müxtəlifliyindədir. Bu gün Azərbaycan ərazisində
30-dan çox etnik azlıq sülh və əmin-amanlıq şəraitində yaşayır. Hər bir xalqın
mədəniyyəti, dili və dini sərbəst şəkildə qorunur və inkişaf etdirilir. Bu
yanaşma, dövlət səviyyəsində multikulturalizmin bir dəyər kimi qəbul edilməsinin
bariz nümunəsidir.
Konfrans
işini bölmə iclasları ilə davam etdirib.