"Son 15 il ərzində Türk Dövlətləri Təşkilatı (TDT) sürətli və məqsədyönlü inkişaf yolu keçərək məsləhətçi platformadan dinamik, nəticəyönümlü və strateji əhəmiyyətə malik regional quruma çevrilib. Hazırda təşkilat ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət, innovasiya, rəqəmsallaşma, səhiyyə, ətraf mühit və hətta kosmosun tədqiqi kimi 35-dən çox sahədə fəaliyyət göstərir".
Bu fikirləri Manset.az-a açıqlamasında millət vəkili Vasif Qafarov bildirdi.
Parlament üzvü qeyd etdi ki, bu genişmiqyaslı fəaliyyət “Türk Dünyası 2040 Baxışı” və “2022–2026-cı illər üzrə TDT Strategiyası” ilə müəyyənləşdirilən prioritetlərə əsaslanır:
"Təşkilatın əsas məqsədi institusional potensialı gücləndirmək, region daxilində əlaqəliliyi artırmaq və Türk dünyasının qlobal təsir imkanlarını genişləndirməkdir.
21 may 2025-ci il tarixində Budapeştdə keçirilmiş TDT-nin
Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında əməkdaşlığın daha
da dərinləşdirilməsi baxımından əlamətdar hadisə oldu. Azərbaycan Prezidenti
İlham Əliyev tədbirdə çıxış edərək regional əməkdaşlığın əsas istiqamətləri,
qarşıya qoyulan strateji məqsədlər və Azərbaycanın bu istiqamətdə rolu haqqında
mühüm mesajlar verdi. Dövlət başçısı qeyd etdi ki, ötən il Azərbaycanın
təşəbbüsü ilə Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşü mühüm presedent
yaratdı və bu formatın davamı olaraq Budapeştdəki ikinci görüş təşkil olundu.
Prezident İlham Əliyev bu il Azərbaycanın TDT-nin rəsmi Zirvə görüşünə ev
sahibliyi edəcəyini bəyan etdi və üzv ölkələr arasında həmrəyliyin daha da
güclənəcəyinə əminliyini ifadə etdi".
Deputatın sözlərinə görə, TDT məkanında Azərbaycanın rolu yalnız siyasi və diplomatik deyil, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan təşkilata üzv dövlətlərə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb. Yeni yaradılmış Türk İnvestisiya Fondu bu istiqamətdə mühüm alətə çevriləcək. 600 milyon ABŞ dolları ilkin kapitala malik fond kiçik və orta sahibkarlığın inkişafı, rəqəmsal texnologiyalar və yaşıl sənaye kimi sahələrə yönəlik investisiyalarla regionun iqtisadi transformasiyasını dəstəkləyəcək.
Türk
dünyası 175 milyon əhali və 4.5 milyon kvadratkilometr ərazi ilə böyük iqtisadi gücə malikdir. 2024-cü
ildə ortaq ÜDM 2.1 trilyon ABŞ dollarını keçib. Ümumi ticarət dövriyyəsi 1.1 trilyon dollara yaxınlaşıb. Bu
göstəricilər TDT ölkələrinin birgə iqtisadi fəaliyyətində ciddi potensialın
olduğunu təsdiqləyir. Hazırda TDT
ölkələri birgə ÜDM göstəricisinə görə dünyada 12-ci yerdə qərarlaşır. TDT ölkələrinin xarici ticarət həcmi 850
milyard ABŞ dolları səviyyəsindədir. Amma bunun yalnız 7 faizi – 57 milyard dolları təşkilat üzvü ölkələr arasında aparılır.
Halbuki bu göstərici bir neçə il öncə cəmi 3 faiz idi. Bu dinamika gələcək
artım üçün ümidvericidir və yaxın illərdə məqsəd TDT ölkələri arasında daxili ticarət payını 10 faizə çatdırmaqdır".
V.Qafarov qeyd etdi ki, Azərbaycanın son illərdə nəqliyyat infrastrukturuna qoyduğu sərmayələr nəticəsində ölkə Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib:
"2024-cü ildə
Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycanın ərazisindən keçən tranzit
daşımalarının həcmi 11 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolunun
daşıma qabiliyyəti 5 milyon tona çatdırılıb, Orta Dəhlizin rəqəmsallaşdırılması
üzrə layihələr davam edir. Eyni zamanda, Xəzər dənizində 50-dən çox ticarət gəmisinə
malik Azərbaycan regional tranzit imkanlarını genişləndirir. Hazırda 10 yeni gəmi
inşa edilir, Ələt Beynəlxalq Dəniz Ticarət
Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda fəaliyyət
göstərən 8 beynəlxalq hava limanına 9-cusu da əlavə olunacaq, onlardan 3-ü
işğaldan azad olunmuş ərazilərdə yerləşir.
TDT-nin siyasi, iqtisadi və sosial sahələrdə institusional potensialı durmadan artır. Xüsusilə Azərbaycanın təşəbbüsləri və təşəbbüskar mövqeyi TDT-nin dinamik inkişafına mühüm töhfə verir. Budapeşt Zirvəsi kimi tədbirlər isə təşkilatın həmrəylik, ortaq dəyərlər və qarşılıqlı maraqlar əsasında birgə gələcəyə doğru inamla irəlilədiyini təsdiqləyir. Gələcək illərdə TDT-nin daxili ticarət dövriyyəsinin artırılması, nəqliyyat bağlantılarının gücləndirilməsi, innovasiya və rəqəmsal sahədə inteqrasiya dərinləşməsi təşkilatın həm regional, həm də qlobal miqyasda nüfuzunu daha da artıracaq. Bu baxımdan, TDT ortaq tarixi və mədəni köklərə əsaslanan bir birlik olmaqla gələcəyin iqtisadi, texnoloji və siyasi güc mərkəzlərindən birinə çevrilmək yolunda əmin addımlarla irəliləyir".