2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,8%, əvvəlki ilin oktyabr ayına nisbətən 113,1% təşkil edib.
Manset.az əbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin oktyabr ayına nisbətən 106,7% təşkil edib.
Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, ucuzlaşma isə planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4%, əvvəlki ilin oktyabr ayına nisbətən 108,4% təşkil edib. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.