Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfirləri ilə görüş keçirilib. Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu “Layiqli Əmək Səfirləri” layihəsini həyata keçirir. Layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.
Manset.az xəbər verir ki, görüşdə dövlətimizin uğurlu sosial siyasətindən, əmək münasibətlərinin
rəqəmsallaşdırılmasından, sosial təminat sisteminin genişləndirilməsindən, eləcə
də ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılmış əlverişli şəraitdən
bəhs edilib.
Həmçinin həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq
olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi,
layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və
istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat
verilib.
Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
Layiqli Əmək Səfirləri əmək hüquqlarının təbliğində təşkilata yaxından dəstək
göstərirlər. Belə ki, sosial məsuliyyətin gücləndirilməsində və sağlam əmək münasibətlərinin
formalaşmasında layihənin rolu önəmlidir.
Tədbirdə Layiqli Əmək Səfirləri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası tərəfindən görülən işləri, həmkarlar ittifaqları sistemində
aparılan islahatları və yenilikləri yüksək dəyərləndirib, Konfederasiya ilə əməkdaşlığa
böyük əhəmiyyət verdiklərini bildiriblər.
Görüşdə AHİK-in fəaliyyətindən və “Layiqli Əmək Səfirləri” layihəsi ilə
bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.
Layiqli Əmək Səfirləri ilə əməkdaşlığın genişləndirilməsi barədə fikir
mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.