Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli
yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir təşkil
olunub.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində Konfederasiyanın dəstəyi ilə
hazırlanmış “Qlobal Davamlı İnkişaf Strategiyası: İnnovasiya, Modelləşdirmə və
İttifaqlar” xüsusi elmi nəşrinin təqdimatı keçirilib. Bununla yanaşı,
Akademiyada Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin açılışı olub,
həmçinin Konfederasiyanın təşəbbüsü ilə keçirilmiş “Yaşıl gələcək bizim
gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin
deputatları, tanınmış elm xadimləri, Əmək
və Sosial Münasibətlər Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.
Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycanın
iqlim dəyişmələrinə qarşı mübarizədə həyata keçirdiyi siyasət və ölkəmizin ev
sahibliyi etdiyi COP29 çərçivəsində qəbul edilmiş qərarların qlobal əhəmiyyətindən
bəhs edib.
Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası da iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin mühafizəsinə
dair tədbirlər həyata keçirir və xüsusi elmi nəşrin hazırlanması bu istiqamətdə
görülən işlərin davamıdır.
Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı
və COP29-un məqsədlərinin müəyyənləşdirilməsindəki rolu vurğulanıb. Bildirilib
ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi-tədqiqat işləri, oxucuların elmi
potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir.
Həmçinin yeni yaradılan Davamlı İdentifikatorların
Təminatına Dəstək Mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması
və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi
qeyd edilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə,
ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Sosial Tədqiqatlar Mərkəzinin
İdarə Heyətinin sədri, deputat Zahid Oruc xüsusi elmi nəşrin iqlim dəyişmələri
ilə mübarizədə maarifləndirməyə dair önəmini və geniş oxucu auditoriyasında maraq
doğuracağına inamlarını ifadə edib, eyni zamanda Davamlı İdentifikatorların Təminatına
Dəstək Mərkəzinin yaradılmasının milli elmi jurnalların və nəşrlərin davamlı
identifikatorlarla təmin olunması baxımından əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində Davamlı İdentifikatorların Təminatına
Dəstək Mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu
verilib.
Sonda “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin
qalibləri mükafatlandırılıb.