Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının
birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə
millət vəkillərinin, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin, qazilərin
və gənclərin iştirakı ilə "Şanlı Zəfər – milli qürurumuzun təntənəsi"
adlı ümumrayon tədbiri keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra Zəfər Gününə həsr olunmuş video-film nümayiş olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov,
Milli Məclisin deputatları Rasim Musabəyov, Səbinə Xasayeva və YAP Nizami rayon
təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Zəfər bayramı münasibətilə təbriklərini
çatdırıb, xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən
bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib, qəhrəmanlıq
dastanını yazmış Vətən övladlarının heç vaxt unudulmayacaqlarını, xalqımızın qəlbində
daim yaşayacaqlarını bildiriblər.
Qeyd olunub ki, bu gün xalqımız böyük coşqu və fəxarət
hissləri ilə 8 Noyabr – Şanlı Zəfər qələbəsinin 5-ci ildönümünü qeyd edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan Cənab İlham Əliyevin müdrik siyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi
diplomatiyası və Azərbaycan Ordusunun şücaəti sayəsində Vətən müharibəsində qəhrəmanlıq
tariximizə qızıl hərflərlə Zəfər dastanı yazıldı, uzun illər dünya dövlətlərinin
əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan ordusu məğlub edildi,
çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll
olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Dünyaya səs salan tarixi Zəfərimizlə
Qalib Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini
dəyişdi. Bu gün regionun ən güclü və qüdrətli ölkəsi olan Azərbaycan dünyanın
siyasi arenasında xüsusi nüfuza malikdir, qlobal məsələlərin həllində əsas söz
sahiblərindən biridir.
Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz
ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Möhtərəm Cənab
Prezidentimizin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma
işləri aparılır, "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra
olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və
görüşlərin keçirildiyi məkana çevrilib.
Tədbirdə həmçinin şəhid Kənan Süleymanlının anası Səadət
Şirəliyeva və Vətən müharibəsi iştirakçısı Zöhrab Vəliyev çıxış edərək ölkəmizdə
şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli
qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və
sonsuz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda bayram konsert proqramı nümayiş olunub,
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Orkestrinin və tanınmış incəsənət
nümayəndələrinin milli-vətənpərvərlik mövzularında çıxışları dinlənilib.