Bir əsr əvvəl olduğu kimi, bu gün də kimsənin radionu xəbər, əyləncə və informasiya kontenti olaraq müasir kütləvi kommunikasiya sistemindən kənarda təsəvvür etməsi mümkün deyil. Yayımları da daxil olmaqla müasir media mənzərəsində öz yerini saxlayan Azərbaycan radiosu, sosial kommunikasiya vasitəsi olaraq həyatımıza daxil olan, fəaliyyət göstərdiyi bir əsrlik zaman müstəvisində texnoloji proseslərdən geri qalmayan tribunalardan biri kimi sözünü deməkdədir.
Kütləvi auditoriyası və əlçatan təbiəti ilə
müasir həyatın tanış bir hissəsinə çevrilən radio, nəinki onun 21-ci əsrdə gələcəyinin
olmadığını iddia edən skeptiklərin dediyi kimi, yerini kompüter və şəbəkə texnologiyalarına verərək məğlub
vəziyyətdə bazarı tərk etdi, əksinə, onların bu dəfə də açıq şəkildə yanıldıqlarını
göstərərək, yeni layihələrin etibarlı kontetlərindən biri kimi ortaya qoydu. O
spektiklər növbəti dəfə sürətli texnoloji irəliləyişlərin ictimai
kommunikasiyanın əsas kanallarından biri olduğunu, radio yayımının kütləvi cəlbediciliyini
və hər yerdə mövcudluğunun fakta çevrildiyini qəbul etmək zorunda qaldılar. Bugünkü
çoxtərəfli informasiyanın qarşılıqlı əlaqəsi sistemində radio yayımı
populyarlığını qorumaqla yanaşı, həm də yeni metodlar (məlumat-əyləncə,
interaktivlik) və fəaliyyət formaları (yayım formatları) əldə etdi. İnternet
sayəsində radio, yayımının əhatə dairəsini genişləndirmək, dinləyicilərin
populyarlığını daha da artırmaq və təşkilati, struktur və peşəkar-yaradıcı
potensialını reallaşdırmaq gücündə olduğunu təsdiqlədi. Hələlik əldə edilən nəticə
onu göstərir ki, kütləvi kommunikasiya bu gün ən geniş şəkildə radio yayımı ilə
təmsil olunur və bu, peyk rabitəsinin və internetin inkişafından yeni təkan alaraq
demək olar ki, hər yerdə yayıla bilib.
Bütün bunlar 1926-cı il noyabrın 6-da, Azərbaycan
Radiosunun "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanması fonunda
növbəti dəfə regionda “ilk”ə imza atmasından qərinələr keçəndən sonra ortaya
çıxan gerçəkliklər fonunda üzbəüz qaldığımız reallığa dönəcək. İrəli getmədən,
o məsələni qeyd edək ki, həmin tarix nəinki Azərbaycanda, habelə Yaxın Şərqdə
ilk radio yayımı günü kimi mədəniyyət salnaməmizə yazıldı. Sovet Azərbaycanının
paytaxt küçə və meydanlarında quraşdırılan reproduktorlardan yayılan o səs
ancaq ingilis fiziki Uilyam Kruksun 54 il əvvəl elektromaqnit dalğalarından
istifadə edərək yaratdığı simsiz teleqraf rabitəsinin praktik təcrübələrinin
neft Bakısında tətbiqi hadisəsi deyildi. Bu, unudulmaz azərbaycanlı maarifpərvər,
milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin görmək istədiyi mətbuatın irəliyə
doğru atdığı möhtəşəm addımı idi.
Fəaliyyətə başladığı ilk vaxtlardanca insanların
“sehrli qutu” adlandırdığı
Radio ancaq əsas informasiya mənbəyi olmadı, o,
maarifçilyin tribunasına çevrildi. Radio öz dinləyiciləri arasında nitq mədəniyyətini
formalşdıran, ayaq aça bildiyi bütün coğrafiyada Azərbaycan ədəbi dilin
yayılmasını təşviq edən müəllim kimi də işinə başladı. Savadsızlığın-oxumaq-yazmaq
bilməyən və yaxud bunları öyrənməkdə çətinlik çəkən insanların böyük əksəriyyət
təşkil etdiyi mühitdə bunun nə qədər vacib amil oduğunu söyləmək belə,
artıqdır. Bu, həm də, sosial ünsiyyətin ilkin kərpicləri idi və cəmiyyətdə o kərpiclərin
qoyulmasında radionun təsəvvürolunmaz xidmətləri əvəzolunmaz idi. Bir sözlə,
radio həmin dövrlərdə və ondansonrakı mərhələdə ən vacib sosial-siyasi,
iqtisadi və mənəvi problemləri ortaya qoymaq, işıqlandırmaq və aradan qaldırmaq
prosesində bütün sosial qurumların və sistemlərin nümayəndələri - jurnalistlərlə
vətəndaşlar, həmçinin müxtəlif elm-sənət adamlarının birgə yaradıcılıq
emalatxanasına çevrildi. Bu, həmçinin o vaxtlarda, Azərbaycan jurnalistikasının
elə də böyük olmayan tarixinə yenilikərin daxil olduğu məqamlar idi və həmin məqamlarda
baş verənlər fərdin doğumu ilə başlayan sosial mühitdə fəaliyyət prosesinin
parçasına beləcə çevrildi. Sosial mühit fərdin inkişafı üçün zəruri olan
sosiallaşma komponentlərini yaradırdı ki, bu da ailə, təhsil, hüquq, media,
siyasət və din institutları tərəfindən dəstəklənən, son nəticəsi dramatrgiyamızın
parlaq imzalarından birinə çevrilən Cəfər Cabbarlının dediyi kimi, “insanların
şüurunda inqilab yaradan” başlıca sosial hadisələrdən biri idi.
Bunları haqlı olaraq onun meydana çıxdığı vaxtdan 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasına gedən yolun başlanğıcı kimi də qəbul edənlər var və fikrimizcə, bu qənaətdə olanlar tamamilə haqlıdırlar. Bunlardan əlavə, televiziya və radio jurnalistikamızda, həmçinin ictimai həyatımızda başlıca informasiya təminatçısına çevrilməklə maarifləndirici, əyləndirici funksiyasında əsas ağırlığı öz üzərinə götürdü, sosial və siyasi proseslərə təsir göstərməkdə alternativsizliyini ortaya qoydu. Təsadüfi deyil ki, kommunikativ və təşkilati funksiyada dialoq platforması kimi çıxış edən bu tandem vaxtaşırı televiziya və radio mütəxəssislərinin nəzəri mülahizələrinin əsas subyektinə çevrildi. Gözlənilən faktorlar isə ona işarədir ki, həmin tendensiya qarşısıalınmaz proses olaraq qalmaqda davam edəcək.
Dəyərli həmkarlarımızı peşə bayramı münasibəti ilə təbrik edərək xatırlatmağı zəruri sayırıq ki, hər bir prosesin korreksiyasını şərtləndirən faktorlar zamanın diqtəsi ilə yazılır.
Əbədi
görünən faktorlar müasir çağırışların bəzən kəsişdiyi, bəzənsə paralel getdiyi
günümüzdə televiziya və internet məzmununun konvergensiyasında bu, aydın
görünür. Hər bir televiziyanın siması hesab edilən aparıcılarının öz sosial
media kanallarını yaratmağa, bloqçuların televiziyada görünməyə can atdığı məqamları
telekanalların niyə bloqçulara ehtiyacı olduğunu, onların məzmununun televiziya
məzmunundan necə fərqləndiyini, proqramların hansı formatda təşkili barədə
debatların getdiyi vaxtlarda inkarolunmaz gerçəklik fakta çevrilir: televiziya
nəzəriyyəçilərinin reallığa çevrilən gerçəklik qarşısında “uduzduğu” mütləq
kimi görünür. Yaranan mənzərə televiziya və internet auditoriyası arasındakı
"antaqonizmin"- televiziya tamaşaçılarının xətti yayım və ənənəvi
proqram formatlarına öyrəşmiş yaşlı insanlarla məzmunu əsasən onlayn istehlak
edilən, özləri üçün əlverişli vaxtda izləmək və yaradıcılarla qarşılıqlı əlaqədə
olmaq imkanındakı gənc tamaşaçıların praktik situasiyanın tablosudur. Bu
tabloda “klassiklərlə” “sürrealistlər” arasında “axan yeraltı suların” hansısa
fəsadlar yaratmadan axması nikbinlik üçün əsaslar verir. Televiziya kanalları ənənəvi
televiziya məzmunu istehlak modelinin dəyişdiyini və auditoriyanı cəlb etmək
üçün yeni formatları nəzərdən keçirməli olduqlarını qəbul etməkdən savayı,
“yenilənmənin” qaçılmaz olduğunu etiraf etməklə praktik addımlar atırlar.
Nəticədə qloballaşmanın ən dərin təzahürü KİV şəbəkələri
kontekstində fərdlər və bütövlükdə dünya, xalqlar və ölkələr arasında sıx
münasibətlərin formalaşmasıdır. İnternet resurslarının sürətlə həyatımıza daxil
olmasına baxmayaraq, müasir televiziya zəmanəmizin ən qabaqcıl kütləvi
informasiya-mədəniyyət vasitəsinə çevrilmiş və bu istiqamətdə işini davam
etdirir. Müasir televiziya mediası hələ də zəngin, çoxşaxəli və çoxölçülü
kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər daşıyıcılarının ən
mühüm komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində ən
etibarlı informasiya daşıyıcısı, həmçinin sosial durumun barometri kimi qəbul
edilir.
Bu
yazıda müasir mühitdə TV-nin nə dərəcədə aktual olduğunu araşdırmamıza
başlamazdan əvvəl onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində Azərbaycan
telekanalları rəqəmsal mühitə assimilyasiya olunur. Onun üçündür ki,
televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə
televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və inkişaf
tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas
fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək,
mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını
metodiki olaraq həyata keçirmək qaçılmazdır.
Sosial təfəkkürdə televiziya istehsalının
böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə
olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geri qalma riski
barədə fikirləşirlər. Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə “əbədi
funksionallıq qaynağı” olan klassiklər arasında müasir televiziyanı inkişaf
tendensiyaları ətrafındakı “Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi
kommunikasiya tədqiqatçıları, həm də müasir televiziya kanallarında çalışan
praktiklər arasında mübahisə və müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən
eşidilən cavabları nə qədər arqumentli səslənsə də, yaranmış situasiyada
dominantlıq ab-hava yaratmaqdan uzaq görünür.
Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin
dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq
yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi
qaçılmazdır. O dəyişilkliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik
effektini saxlayır və bunun bariz ifadəsinin necə baş verdiyini 2026-cı ildə
yetmiş və yüz yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Televiziyasının və Azərbaycan
Radiosunun nümunəsində müşahidə edilir.
“Böyük dövlət xadimlərinin fəaliyyət izi hər
bir xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla
onu qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan
hadisələr Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
birinci dönəmə düşür. O vaxtkı Azərbaycanının ictimai-siyasi və mədəni həyatında
yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan
xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur,
həm də milli- mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva
qurmasında başlıca missiyanı yerinə yetirirdi.
Azərbaycan Televiziya və Radiosu keçdiyi
yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü
əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında
aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi,
istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar
yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən,
teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf
yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan
quruma çevrilməkdədir. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hamiliyi ilə
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il
fevral ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral ayının 14-də təsis
olunan “Mədəniyyət” telekanallarının fəaliyyətinin, xüsusilə, Azərbaycan
Televiziyasında zamanın tələblərinə uyğun olaraq aparılan islahatların nəticəsidir
ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda
hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin
etimad göstərdiyi verilişlərə çevrilib. Bu sırada İctimai-siyasi proqramlar
Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən
aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə”, ölkədə baş verən
diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş
verən hadisəni canlı olaraq müzakirə olunduğu “Hədəf” və digərləri ancaq
informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır. Hər gün 12 dəfə
- 08:00, 09:00, 10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus
dilində), 19:00 (region), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə çıxan
“AZTV XƏBƏR” proqramının ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də
stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması
ilə izah oluna bilər.
Media diskursunun diqqətəlayiq
mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye
hadisəsi kimi, təşkilati və idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin
yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən
keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər arasında birbaşa əlaqə,
müəllif-istehlakçı ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu
(system tərəfindən birləşdirilən potensial sonsuz mətnlər toplusundan ibarət mətn),
multimedia və transsərhəd (media redaksiyasının coğrafi yerindən asılı
olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz potensial auditoriya)
faktorları başlıca amil kimi diqqəti cəlb edir. Onu isə təəssüflə xatırladırıq
ki, internet resurslarının başlıca hərəkətverici qüvvəsi olaraq qəbul edilən
sosial şəbəkələrdə televiziya yayımının spesifik xüsusiyyətləri hələ də Azərbaycanda
elmin tədqiqat obyektinə çevrilməyib. Təkəm-seyrək bu istiqamətdəki yazılar ən
yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir, perspektiv inkişaf
yollarının elmi əsasları nadir hallarda qeyd edilir. Televiziya mediasının
sosial şəbəkələrdə aparıcı platformalara çevrilməsi üçün praktiki tövsiyələrin
hazırlanmasında teletənqidçilərimizin və bu yöndəki elm adamlarımızın lokomotiv
olaraq rolu ya hiss olunmur, ya da qabarıq görünmür. Bu isə informasiya
üstünlüklərinin öyrənilməsinə fəlsəfi yanaşmaların televiziya və sosial şəbəkələrdə
kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib çıxarır.
Son olaraq qeyd edək ki, nə cür olmasından asılı
olmayaraq, televiziyanın sosial şəbəkə seqmentlərində yeri və aktuallığı
günümüzün əsas çağırışına çevrilib və bu amili günümüzün əsas amili kimi qəbul
etməmək heç bir televiziya üçün yaxşı nəsə vəd etmir. Buna görədir ki, AZTV
üçün sosial şəbəkələrdəki alqoritmin öyrənilməsi taktiki deyil, strateji mahiyyət
daşıyır. Bizim üçün sosial şəbəkələrin siyasi, iqtisadi, sosioloji,
kulturoloji-ümumən, elmi təhlili ondan ibarətdir ki, yaşadığımız informasiya
reallığında seytnot vəziyyəti ilə üzbəüz qalmayaq və qeyd edək ki, bu, ən azı,
gələcək fəaliyyətimiz üçün növbəti addımlarımızı atmaq üçün həyati əhəmiyyət
daşıyır. Ona görədir ki, hər bir televiziya üçün sosial dünyanın
inkişafı ilə bağlı vəziyyəti düzgün qiymətləndirməmək,
sosial şəbəkə platformalarının müasir insanın həyatındakı rolunu qəbul etməmək,
sadəcə olaraq, mövcud olmaq perspektivivini itirəcək qədər riskli davranışdır və
biz fəaliyyətimizi bu gerçəkliyin diqtəsi əsasında qurur.
Buna görədir ki, Azərbaycan Televiziya və Radiosu üçün sosial
kontentlərdə abunəçilərin sayı vacib parametrlərdəndir, lakin bu Ocaqda daha
çox məzmunun texniki keyfiyyəti, orijinallıq daha başlıca etalon sayılır. Bir
sözlə, auditoriyanı genişləndirmək, məzmun strategiyamıza sadiq qalmaqla səmərəli
paylama modeli qurmağa nail olmaqla auditoriyamızın sırasını artırmaqla ölkəmizin
layiqli təqdimatı kollektivimiz üçün prioritet istiqamətdir.
Elməddin Quliyev
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin şöbə rəisi