Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub.
Manset.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində
qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra
torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin
pedaqoji kollektivi və şagirdləri ilə yanaşı, Kəlbəcər rayonunda Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Daxili İşlər
Nazirliyinin əməkdaşları və digər qurumların yerli nümayəndələri iştirak ediblər.
Məktəbin
direktoru Vəsilə Cəfərova çıxış edərək xalqımızın Böyük Zəfərinə gedən yoldan,
Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən
və qəhrəman əsgər və zabitlərimizin misilsiz igidliyindən bəhs edib. Tədbirdə məktəb
kollektivi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, müəllimlərin
ifasında “Zəfər” mahnısı səsləndirilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə
başa çatıb.