Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi

09:58 - 16 Dekabr 2025

Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.


Manset.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Abbas Abbasovun vəzifə fəaliyyəti və ölkədən getməsi

Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır.

Rusiya Federasiyasında diaspor strukturları ilə bağlı fəaliyyəti

Abbas Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

“Milyarderlər İttifaqı”nın yaradılması və rəhbərliyi

2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Rüstəm İbrahimbəyov və “Milli Şura” ilə əlaqələr

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub.

2012-ci il açıqlamaları və 2013-cü il hadisələri

Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir.

Abbas Abbasovun Azərbaycana gəlişinin dayandırılması

Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycana gəlmir.

İstintaq materialları və məhkəmədə açıqlanacaq sübutlar

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.

Qeyd edək ki, hazırda Ramiz Mehtiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehtiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehtiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az