Universitetlərdə süni intellektin istifadəsinə dair maarifləndirici görüşlər keçirilir - FOTOLAR

15:26 - 26 Dekabr 2025

Universitetlərdə süni intellektin istifadəsinə dair maarifləndirici görüşlər keçirilir - FOTOLAR

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) süni intellekt texnologiyalarının etik, məsuliyyətli və təhlükəsiz istifadəsinə dair ölkə üzrə universitetlərdə maarifləndirici seminarlara başlayıb. Bu çərçivədə ilk görüşlər Azərbaycan Dövlət İqtisad və Azərbaycan Texniki universitetlərində təşkil edilib. 



Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın icrası çərçivəsində keçirilən seminarın əsas məqsədi gənclər arasında məsuliyyətli texnoloji yanaşmanın formalaşdırılmasından ibarətdir.

Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun rəhbəri Xəyalə Babayeva süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların qorunmasının vacibliyini vurğulayıb, bu sahədə mövcud çağırışlar və tətbiq olunan mexanizmlər barədə ətraflı məlumat verib.

Milli Süni İntellekt Mərkəzinin süni intellekt mühəndisləri Zeynəb Əliyeva və Rauf İbişov “deepfake” texnologiyaları mövzusunda praktiki sessiyalar keçib. Onlar real və saxta vizual, eləcə də audioməzmunun ayırd edilməsini nümunələr əsasında izah edib, bu texnologiyaların yaratdığı risklər və onların qarşısının alınması yollarından danışıblar. 

İnteraktiv formatda baş tutan seminarlarda süni intellektə etimadın formalaşdırılması, fərdi məlumatların mühafizəsi, texnoloji risklərin azaldılması, eləcə də gələcəyin mütəxəssislərinin etik və hüquqi məsuliyyəti ilə bağlı digər aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az