"Ürək-damar sistemi üçün ən zərərli məhsullardan biri alkoqoldur".
Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-kardioloq İrina Tаrasova danışıb.
Onun sözlərinə görə, hətta az miqdarda qəbul edildikdə belə, əgər bu müntəzəm olarsa, alkoqol arterial təzyiqin yüksəlməsinə, aritmiyaya və kardiomiopatiyaya səbəb ola bilər.
Kardioloq həmçinin bildirib ki, emal olunmuş ət məhsulları da ürək üçün zərərlidir:
“Sosislər, kolbasalar və bekon çoxlu duz, doymuş yağlar və konservantlar ehtiva edir. Bu cür ət məhsullarını tez-tez yeyən insanlarda ürəyin işemik xəstəliyinə tutulma riski artır".
Bundan əlavə, həkim duzdan həddindən artıq istifadədən çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, duz orqanizmdə mayeni saxlayır, təzyiqi yüksəldir və ürəyə əlavə yük yaradır. Bu isə zamanla hipertoniyaya, nəticədə infarkt və insult riskinin artmasına gətirib çıxarır.
Ürək-damar fəsadları riskini artıran digər məhsullar sırasında həkim şəkər və transyağları da qeyd edib. Bunlara sənaye üsulu ilə hazırlanan şirniyyatlarda, çipslərdə və fastfudlarda tez-tez rast gəlinən marqarin də daxildir.