04 fevral 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar təhsil müəssisəsində olmuş, mövcud vəziyyətə yerində baxış keçirmişdir.
Manset.az xəbər verir ki, məktəbin 16 kvadratmetr sahəsi olan direktor otağında elektrik xətlərində yaranmış nasazlıq nəticəsində yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Yanğına operativ şəkildə müdaxilə edilmiş, yanğınsöndürən qüvvələri tərəfindən qısa müddət ərzində yanğın söndürülmüşdür.
Baxış zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov təhsil müəssisəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, elektrik təsərrüfatının yenidən yoxlanılması, mövcud nöqsanların aradan qaldırılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar vermişdir.