Qlobal sülh quruculuğunda güclü Liderlik nümunəsi ŞƏRH

17:25 - 06 Fevral 2026

Qlobal sülh quruculuğunda güclü Liderlik nümunəsi ŞƏRH

2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi nüfuzlu beynəlxalq tədbir olmaqla yanaşı müasir dünya siyasətində sülh, dialoq və qarşılıqlı etimad ideyalarının parlaq təcəssümü kimi tarixə düşdü. Bu mötəbər mükafata Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin layiq görülməsi Azərbaycanın son illərdə keçdiyi mürəkkəb, lakin şərəfli yolun, regional və qlobal sülhə verdiyi töhfələrin, eləcə də dövlət başçısının prinsipial, ardıcıl və humanist siyasi xəttinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin mərasimdəki çıxışı isə məzmununa, siyasi-fəlsəfi dərinliyinə və gələcəyə yönəlik mesajları əslində sülhün, qarşılıqlı etimadın və birgə hörmətin qlobal görünüşü kimi dəyərləndirilməlidir.


Dövlət başçısının çıxışının ilk cümlələrindən etibarən səsləndirdiyi səmimi minnətdarlıq ifadələri mərasimin ruhuna tam uyğun idi. Prezident İlham Əliyev bu nüfuzlu mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirərək, onun Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşımasının xüsusi mənəvi çəkisi olduğunu vurğuladı. Şeyx Zayedin uzaqgörən lider kimi BƏƏ-ni qısa müddət ərzində sabitlik, rifah və inkişaf modeli səviyyəsinə yüksəltməsi təkcə ərəb dünyasında deyil, qlobal miqyasda da qəbul olunan bir həqiqətdir. Prezident İlham Əliyevin bu kontekstdə Şeyx Zayedin siyasi irsinə verdiyi yüksək qiymət, eyni zamanda, liderliyin əsas meyarlarının güc deyil, müdriklik, xalqına sevgi və gələcəyi görmə bacarığı olduğunu bir daha xatırlatdı.

Çıxışda Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın atasının müəyyən etdiyi inkişaf, tərəqqi və davamlı müasirləşmə xəttini uğurla davam etdirdiyini xüsusi qeyd etdi. Bu vurğunun özü təsadüfi deyildi. Çünki Birləşmiş Ərəb Əmirlikləri bu gün milli kimliyinə və tarixi köklərinə sadiq qalmaqla yanaşı, eyni zamanda, müasir dünyanın çağırışlarına cavab verən, multikultural, tolerant və sülhpərvər bir cəmiyyət modeli formalaşdırmışdır. Prezident İlham Əliyevin BƏƏ-ni bir çox ölkələr üçün nümunə kimi təqdim etməsi, əslində, dövlət quruculuğunda ənənə ilə modernliyin sintezinin mümkünlüyünü göstərən real təcrübəyə istinad idi.

Nitqin mühüm məqamlarından biri dinlərarası dialoq və sivilizasiyalararası yaxınlaşma məsələlərinə həsr olundu. Prezident İlham Əliyev Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibin və Roma Papası Zati-müqəddəsləri Leonun bu sahədə göstərdikləri səyləri xüsusi minnətdarlıqla qeyd etdi. Bu təşəkkür, eyni zamanda, Azərbaycanın özünün də uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqun fəal tərəfdarı olduğunu xatırladan mühüm mesaj idi. Azərbaycan tarixən müxtəlif dinlərin və etnik qrupların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan olmuş, bu model bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Prezident İlham Əliyevin çıxışında bu mövzunun yer alması “Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyəti ilə Azərbaycanın ideoloji xəttinin üst-üstə düşdüyünü aydın şəkildə göstərdi.

Çıxışda Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə toxunulub. Prezident İlham Əliyev mərasimə müraciət edən dünya liderlərinin bu sülhün əhəmiyyətini xüsusi vurğulamasını yüksək qiymətləndirərək bildirdi ki, söhbət təkcə iki ölkə arasında münasibətlərin normallaşmasından deyil, daha geniş region üçün sabitlik və təhlükəsizlik perspektivlərindən gedir. Dövlət başçısı 30 ildən artıq davam edən müharibə vəziyyətinin Azərbaycan xalqına yaşatdığı ağrıları xatırlatmaqla yanaşı, artıq altı aydır ki, əldə olunan sülh şəraitinin mahiyyətini dərin fəlsəfi çalarlarla izah etdi. “Biz sülh şəraitində yaşamağı öyrənirik” fikri müharibənin kölgəsində böyümüş bir cəmiyyətin psixoloji transformasiyasını ifadə edən çox güclü bir tezis idi.

Prezident İlham Əliyevin səmimi etirafı – Azərbaycanın müstəqillik əldə etdikdən bəri heç vaxt real sülh şəraitində yaşamaması – bu tarixi anın əhəmiyyətini daha da artırdı. Bu fikir eyni zamanda onun öyrənilməsi, qorunması və möhkəmləndirilməsi zərurətini vurğulayan mühüm siyasi mesaj idi. Dövlət başçısının sözlərindən aydın olurdu ki, sülh Azərbaycan üçün passiv gözlənti deyil, fəal və şüurlu şəkildə qurulan bir prosesdir.

Çıxışda xüsusi yer tutan məqamlardan biri 2025-ci ilin 8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşü oldu. Prezident İlham Əliyev həmin görüşdən sonrakı altı ayı tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş dövrü kimi xarakterizə etdi. Bu qiymətləndirmə təsadüfi deyildi, çünki məhz 2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Zirvə Görüşü nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanmış, Birgə Bəyannamə imzalanmış və ABŞ Prezidenti bu tarixi sənədi şahid qismində imzalamışdı. Bu fakt beynəlxalq vasitəçilik tarixində nadir hallarda rast gəlinən, böyük siyasi məsuliyyət və qlobal dəstək nümunəsi idi.

Prezident İlham Əliyevin Donald Trampa ünvanladığı minnətdarlıq, eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşlığa verdiyi önəmin göstəricisi idi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulması regional deyil, qlobal sülh gündəliyi baxımından da mühüm hadisədir. Bu vurğu Azərbaycanın artıq yalnız münaqişədən çıxmış bir ölkə olması ilə yanaşı sülh quruculuğu təcrübəsi olan bir aktora çevrildiyini göstərirdi.Çıxışda son altı ay ərzində Azərbaycan ilə Ermənistan arasında atılan praktiki addımlar xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırıldığını, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına başlanıldığını qeyd etdi. Bu faktlar sülhün yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, real iqtisadi və humanitar əməkdaşlıqla möhkəmləndirildiyini sübut edirdi. Dövlət başçısının “biz əməkdaşlığa başlamışıq” fikri yeni regional münasibətlər sisteminin formalaşdığını açıq şəkildə göstərirdi.Ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimadın bərpası və gündəlik təmasların artması sülhün dayanıqlılığının əsas şərtləri kimi təqdim olundu. Prezident İlham Əliyevin Nikol Paşinyan ilə səhər baş tutan görüşü xatırlatması isə dialoqun davamlı xarakter aldığını, sülh prosesinin institusional əsaslar üzərində inkişaf etdiyini təsdiqləyirdi. Bu, keçmiş düşmənçilik psixologiyasından əməkdaşlıq düşüncəsinə keçidin real təzahürü idi.

Mükafatlandırma mərasiminin Prezident İlham Əliyev tərəfindən “ruhdlandırıcı” kimi dəyərləndirilməsi, əslində, beynəlxalq ictimaiyyətin bu səyləri tanımasının sülh prosesinə əlavə motivasiya verdiyini göstərirdi. Dövlət başçısı Azərbaycanın əldə etdiyi təcrübənin hələ də müharibə vəziyyətində olan ölkələr üçün bir yol xəritəsi kimi istifadə oluna biləcəyini vurğuladı. Bu konkret tarixi reallığa söykənən, böyük siyasi iradə və cəsarət tələb edən bir mövqe idi. Uzunmüddətli münaqişələrə, dərin əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülhün mümkünlüyü fikri Prezident İlham Əliyevin çıxışının əsas ideoloji xəttini təşkil edirdi.

Dövlət başçısı cənab İlham Əliyev sülhün mümkünlüyünü iki əsas şərtlə əlaqələndirdi: güclü siyasi iradə və beynəlxalq dəstək. Bu yanaşma münaqişələrin həllində real siyasətin, praqmatik və prinsipial mövqenin həlledici rol oynadığını göstərirdi.Çıxışın son hissəsində Əbu-Dabidə keçirilən mərasimin rəmzi mənası xüsusi vurğulandı. Azərbaycan ilə Ermənistan arasında sonuncu danışıqlar raundunun ötən il məhz burada, Vaşinqton Sammitindən bir ay əvvəl baş tutması tarixi ardıcıllığın mühüm həlqəsi kimi təqdim olundu. Prezident İlham Əliyev Şeyx Məhəmmədin dəstəyi ilə sülh üçün son razılığın Əbu-Dabidə əldə edildiyini, daha sonra isə Vaşinqtonda rəsmiləşdirildiyini xatırladaraq, bu prosesdə regional və qlobal tərəfdaşlığın rolunu yüksək qiymətləndirdi. Bu fakt BƏƏ-nin təkcə iqtisadi və siyasi deyil, həm də diplomatik mərkəz kimi artan nüfuzunu bir daha nümayiş etdirdi.

Sonda Prezident İlham Əliyev bu nüfuzlu mükafata layiq görülməsinə görə bir daha dərin minnətdarlığını bildirdi və sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə təşəkkür etdi. Bu yekun, əslində, çıxışın ümumi ruhunu – təşəkkür, məsuliyyət və gələcəyə inam fəlsəfəsini tamamlayan məntiqli nəticə idi.

Prezident İlham Əliyevin Əbu-Dabidəki bu çıxışı Azərbaycan diplomatiyasının yeni mərhələsinin, sülhə əsaslanan regional siyasətin və insan qardaşlığı ideyasının dövlət səviyyəsində necə dərin şəkildə mənimsənildiyinin bariz nümunəsi kimi tarixdə qalacaq. Bu çıxış göstərdi ki, Azərbaycan artıq yalnız öz milli maraqlarını müdafiə edən deyil, eyni zamanda, qlobal sülh və əməkdaşlıq gündəliyinə töhfə verən, nümunə göstərən bir dövlətdir. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu yolun beynəlxalq miqyasda tanınmasının və yüksək qiymətləndirilməsinin simvoluna çevrildi.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az