Meyxanaçı Rüfət Nasosnunun (Rüfət Kərimov) “Milyonların şousu” proqramında göstərdiyi performans hər kəsi təəccübləndirib. Onun tarix bilikləri və bir çox sahələrdən məlumatlı olması izləyicilərdə maraq doğurub. Yarışmanı 8 min manat qazanaraq tərk edən meyxanaçının bilikləri digər həmkarlarına nümunə göstərilib.
Manset.az Globalinfo.az-a istinadən xəbər verir ki, əməkdar jurnalist, Rüfət Nasosnunun sinif yoldaşı Fadil Paşayev bir sıra məsələlərə aydınlıq gətirib. O, Rüfət Nasosnunun hələ kiçik yaşlarından savadlı olduğunu bildirib:
“Biz Rüfətlə indiki Zeynalabdin Tağıyev qəsəbəsində 19 nömrəli məktəbdə 9 il bir sinifdə oxumuşuq, uşaqlığımız birlikdə keçib, dərslərə bir yerdə hazırlaşmışıq, yaxın dost olmuşuq. 9-cu sinifdə mən Sumqayıta köçdüm. Rüfət məktəbimizin ən yaxşı oxuyan şagirdi idi. Məsələn, biz birlikdə dərslərə hazırlaşırdıq, mən özümü hər zaman qabiliyyətli şagird hesab edirdim, amma Rüfət istedadlı idi. Təsəvvür edin, dərsi mən 1-2, bəzən 3 saata hazırladığım halda, Rüfət 10 dəqiqəyə hazırlaşırdı. Rüfət alman dilini gözəl bilirdi. İndi uzun müddət istifadə etmədiyi üçün danışmır. Elə bir fənn yox idi ki, Rüfət biliyi ilə fərqlənməsin. Bizim bir yerdə komandamız var idi – Samir Ağabalayev, Rəşad Mütəllibov, mən və Rüfət. O qədər güclü oxuyurduq ki, artıq məktəb səviyyəsindən çıxmışdıq. Komandamızın rəhbəri Rüfət idi”.
F.Paşayev bildirib ki, Rüfət Nasosnu çox savadlı və istedadlıdır:
“Rüfət Lənkəran Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olanda dedik ki, bu axı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmalı idi. Rüfət Azərbaycan, Dünya və Orta Əsrlər tarixini ən yüksək səviyyədə bilirdi. Bizim tarix müəllimlərimiz var idi – Ramiz müəllim və Ənvər müəllim. O zaman tarix dərslərində sinif daxilində keçirilən müsabiqələrin suallarını bəzən Rüfət tərtib edirdi”.
F.Paşayev deyib ki, Rüfət uşaq vaxtı da meyxana deyirdi:
“Amma heç vaxt ağlına gəlməzdi ki, bu sənətin arxasınca gedər. Yaxşı şeirlər, qəzəllər yazırdı. Lakin yenə də elə bilirdik ki, elmə doğru istiqamət alacaq. Sadəcə həyat elə gətirdi ki, Rüfət gənclik illərində yanlış addım atdı. O, Lənkəran Dövlət Universitetində oxuduğu zaman – evdən, ailədən uzaq düşdüyü illərdə müəyyən adamlara qoşuldu, pis vərdişləri oldu. Buna görə də Rüfət uzun illər geri düşdü. Amma böyük iradəsi var idi deyə, sağlam yola qayıda bildi.
Meyxana vaxtilə Rüfətin arzulamadığı sahə idi, amma bacardığı iş olduğu üçün məşhurlaşdı. “Milyonların şousu” yarışında göstərdi ki, əslində, sənət adamları, meyxanaçılar, müğənnilər ən azı orta məktəb səviyyəsində savadlı olmalıdırlar”.
Müsahibimiz Rüfət Nasosnunun məktəblər arasında keçirilən yarışlarda çempion olduğunu vurğulayıb:
“1980-ci illərdə Azərbaycan televiziyası ölkədə yeganə telekanal idi. O dövrdə AZTV-də “Tap Tapmaca” yarışı var idi və orta məktəblər arasında keçirilirdi. Biz orta məktəbdən komanda şəklində ora getmişdik. Bizim komandamız üçqat çempion oldu, Rüfət sonra yenə qatıldı deyə, o, həmin yarışda dördqat çempion oldu. Bunun özü belə Rüfətin necə dərs oxuduğunun göstəricisidir. Komandanın da kapitanı Rüfət Kərimov idi”.
Fotoda Fadil Paşayev
