logo
logo logo
logo

Baş Prokurorluqdan Fatimənin qətli ilə bağlı AÇIQLAMA 

11:29 - 06 İyul 2026

Baş Prokurorluqdan Fatimənin qətli ilə bağlı AÇIQLAMA 

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.


Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Belə ki, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. 

Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha bildirir ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, habelə digər qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquq və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində saxlayır.

Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir", - məlumatda qeyd olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az