Sabiq icra başçısı Lütfəli Babayevin oğlu Babəli Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər - sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edib.
Şahid Ə.O. təqsirləndirilən şəxsləri tanıdığını bildirib:
"Bu hadisə 2019-cu ildə olub. Ehtiramla bir dəfə görüşmüşəm. Biz tikinti işi ilə məşğul idik. Torpaq Babaəlinin adına idi, Ehtiram da onu təmsil edirdi. Maklerdən bizə təklif gələndən sonra Ehtiramla görüşdüm. Qiymət anlaşması milyon yarım idi. Bütün prosedurlar notariusda həll olundu. Babaəlinin Türkiyədə olduğunu demişdilər. Babaəli konsulluğa çağırıldı, görüntülü danışıldı, məsələləri müzakirə etdik. Sənədlərə şəriki olduğum şirkətin direktoru qol çəkmişdi. Alqı-satqı işini Samir həll etdi".
Məhkəmənin növbəti iclası iyulun 16-na təyin olunub.
Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını iki milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin bir milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.
O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil edib. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə iki milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi "Uniklinika"nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.
Qeyd edək ki, Babaəli Babazadənin atası Lütfəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-19-cu illərdə isə Zərdab rayonunun icra başçısı olub.