Ölkənin Mərkəzi
Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığı bir dövrdə, Azərbaycan
Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinə Şımkent, Atırau və Aktöbə
istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuş coğrafiyasını 10 istiqamətə
çatdırıb. Dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys
yerinə yetirilir.
2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.
Qazaxıstan hazırda Azərbaycan Hava Yollarının regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.
Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.
Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj və
oturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə mil
toplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün “Uzum Bank” əməkdaşlığı çərçivəsində
“HUMO” və “Uzcard” kartları ilə ödəniş imkanı da mövcuddur.