Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçinin olduğu “Consul” adlı gəmi 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilər ərazidə gəmilərə davam edən dron hücumları səbəbindən gəmini tərk edə bilmədiklərini və təhlükə altında olduqlarını deyirlər.
Manset.az-ın Bakupost-a istinadən məlumatına görə, kapitan Səbuhi Salahov bildirib ki, gəmi Rostova yük götürmək üçün gəlib və Moldovaya bir səfər edib. İkinci səfər zamanı isə əraziyə dron hücumları başlayıb və gəminin hərəkəti dayanıb.
“Rostova gəldik, buradan yük götürüb Moldovaya getməli idik. Bir səfər etdik. İkinci səfər zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir”, - kapitan deyib.
Dənizçilər qeyd ediblər ki, gəmi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Rəhbərlərindən biri azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir.

Gəmi heyəti uzun müddətdir maaşlarının ödənilmədiyini, telefonlarının bloklandığını və Azərbaycana qayıtmaları üçün onlara şərait yaradılmadığını deyirlər.
“Nə yol pulu verirlər ki, evə gedək, nə yemək pulu verirlər, nə də maaşlarımızı ödəyirlər. Maaşlarımızı alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik ki, səsimizə səs versinlər”, - kapitan əlavə edib.
Onun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyətləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndərilib. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı heç bir addım atılmayıb.
S.Salahov qeyd edib ki, hazırda gəmidə 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.