logo
logo logo
logo

"Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” adlı tədbir keçirildi - FOTOLAR 

17:54 - 20 Oktyabr 2026

\"Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” adlı tədbir keçirildi - FOTOLAR 

20 oktyabr 2026-cı il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” adlı tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Qəhrəmanlar parkında yerləşən “Şəhidlər abidə kompleksi”ni və Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək təzə tər çiçəklər düzüblər.

Mərasim Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərlə bağlı çıxışını və dəyərli tövsiyələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov gənclər siyasətinin dövlət əhəmiyyətindən və sağlam gəncliyin rolundan bəhs edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçilik konsepsiyasında gənclər siyasəti hər zaman prioritet istiqamətlərdən biri olub. Bu gün həmin siyasət Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirimizin adında ifadə olunan 'Sağlam gənclik, sağlam gələcək' çağırışı mühüm mənəvi və ictimai məna daşıyır. Sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, zərərli vərdişlərdən uzaq durulması və elmə, təhsilə yiyələnmək gənclərimizin qarşısında duran əsas vəzifələrdəndir. Siz Azərbaycanın bu gününün fəal iştirakçıları, sabahının isə əsas qurucularısınız. Əminəm ki, Masallı gəncləri də öz fəallıqları və uğurları ilə ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov Ordumuzun qüdrəti və Zəfər tariximizdən söz açaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatları zamanı Azərbaycan əsgər və zabitlərinin, xüsusilə gənclərimizin göstərdiyi qəhrəmanlıq, cəsarət və Vətənə sədaqət xalqımızın iradəsini, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin və qazilərimizin keçdiyi şərəfli yol gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Bizim borcumuz bu qəhrəmanlıq salnaməsini yaşatmaq və müstəqil Azərbaycanı daha da gücləndirməkdir.”

Mövzu ilə bağlı SHXÇDX aparatının şöbə rəisi Pərviz Sədrəddinov gənclərin maarifləndirilməsi və hərbi-vətənpərvərlik tərbiyəsi haqqında fikirlərini bölüşərək qeyd edib ki, hərbi-vətənpərvərlik tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Gənclərimizin Vətən qarşısında borcunu dərk etməsi, hərbi xidmətə məsuliyyətlə hazırlaşması, nizam-intizamlı və sağlam həyat tərzi sürməsi dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir. Dövlət Xidməti ilə yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti və təhsil müəssisələrində aparılan maarifləndirmə işləri bu məqsədə nail olunmasında mühüm rol oynayır.”

SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Xəlilov isə yerlərdə aparılan işlər və cəmiyyətin birgə məsuliyyəti barədə danışaraq bildirib ki, sağlam və vətənpərvər nəslin yetişdirilməsi yalnız bir qurumun vəzifəsi deyil; bu, ailənin, təhsil müəssisələrinin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Yalnız birgə səylərlə milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə malik və Vətəninə sədaqətli gənclər yetişdirə bilərik.

Tədbirdə Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı Camaləddin Məmmədov da çıxış edərək gənclərə öz tövsiyələrini verib: “Vətənpərvərlik yalnız Vətəni sevdiyini söyləmək deyil, bu sevgini əməli fəaliyyətlə sübut etməkdir. Yaxşı təhsil almaq, peşəkar mütəxəssis kimi yetişmək, vicdanla çalışmaq və cəmiyyətin inkişafına töhfə vermək də Vətənə xidmətin mühüm formalarıdır. Siz Vətəninizlə fəxr etməklə yanaşı, Vətənin də sizinlə fəxr etməsi üçün çalışmalısınız.”

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Rayonun sevimli ifaçısı Firudin Səfərovun ifasında “Azərbaycan” və “Qarabağ Azərbaycandır!” mahnıları, eləcə də Masallı Dövlət Regional Kollecinin tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda şeir kompozisiyası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda gənclərə sağlam, vətənpərvər və uğurlu gələcək arzulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az