“Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır”.
Manset.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu gün bizim şagirdlərin 60 faizi 833 məktəbdə təhsil alır və burada bizi narahat edən məsələ həmişə bu xərcin necə saxlanılmasıdır. Xərcin şagirdə bağlı olaraq deyil, daha çox müəssisənin saxlanılmasına yönləndirilməsidir. Bu mənada 2027-2030 strategiyasının layihəsində iki geniş islahat paketi təqdim olunub.
İslahatın birinci hissəsi adambaşı maliyyələşmənin mərhələlərlə tətbiq ediləcəyi məktəblərdir. Burada uşaqların 50%-i oxuyur, amma cəmi 15% məktəbdən söhbət gedir. Yəni bizim 500 məktəbimizdə bütün uşaqların 50%-i oxuyur, 500 məktəbdə biz adambaşı maliyyələşmə keçid islahatını artıq təqdim edirik. 2027-ci ildə 100 müəssiənin keçidi üçün dövlət büdcəsində 223.8 milyon manat vəsait nəzərdə tutulub”, - nazir müavini qeyd edib.