“Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır”.
Manset.az xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.
“Birincisi, biz gözləməliyik ki, müvafiq normativ hüquqi aktlar təsdiq olunsun. Həmin ərazilər bu günə qədər vahid ərazi deyildi. Ayrı-ayrı ərazilər idi, amma Xəzər sahilboyu deyilən bir ərazi statusu yox idi. Bizim bu ərazi ilə bağlı əsaslanmamız təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər olunacaq. Orada hansı rejim olmalıdır, o müəyyən olunacaq. Tikililər özəlləşdirilə bilər, bilməz, xüsusi mülkiyyət ola bilər, ola bilməz. Təbii ki, dövlət o sahəni dövlət mülkiyyəti kimi görür, indi buna gedişatda da baxacağıq. Amma buna qədər qanuniləşmiş müəyyən obyektlər var, qanuniləşmiş mülkiyyət formaları var. Onlara qanunvericilik, Azərbaycan hüquqi dövləti qanunvericiliyi hansı formatda yanaşırsa, biz də o formatda yanaşacağıq. Amma deyildiyi kimi, tamamilə yararsız, əndazəsiz və heç bir ictimai əhəmiyyət kəsb eləməyən, əhaliyə xidmət göstərməyə layiq olmayan tikililər təbii ki, tənzimlənməlidir. Burada indi biz bunu birmənalı deyə bilmərik ki, o söküləcək, ya yox”, - şöbə müdiri əlavə edib.