Naxçıvan şəhərində “AzerGold” QSC-nin istehsalı olan qızıl və gümüş məhsullarının sərgi-səyyar satış günləri təşkil edilib.
Manset.az xəbər verir ki, üç gün davam edən tədbirin əsas məqsədi
yerli sakinləri “AzerGold” brendi altında istehsal olunan məhsullarla yaxından
tanış etmək, Azərbaycan istehsalı olan qiymətli metal məhsullarını daha geniş
auditoriyaya təqdim etmək və onların əlçatanlığını artırmaq olub.
Sərgi-səyyar satış günləri çərçivəsində
ziyarətçilərə müxtəlif çeşiddə qızıl və gümüş məhsullarını təqdim edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr
olunmuş, “Smartminting” texnologiyası ilə üçölçülü formatda hazırlanmış “100 il
və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə, “Naxçıvan” və “Qarabağ”
kolleksiyası, Azərbaycanın təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim
ənənələrini əks etdirən ümumilikdə 27 çeşiddə sikkə ziyarətçilərin böyük
marağına səbəb olub.
Tədbir çərçivəsində xüsusi maraq
doğuran məhsullardan biri də Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi
Əbubəkr oğlu Naxçıvaninin zəngin irsinə həsr edilmiş xüsusi relyefli, üçölçülü
gümüş xatirə sikkəsi olub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış,
görkəmli memarın 900 illik yubileyinə ithaf edilmiş bu xüsusi buraxılış ziyarətçilər
tərəfindən maraqla qarşılanıb.
İştirakçılar sərgilənən məhsulların
çeşidi, dizayn xüsusiyyətləri və əldə olunma imkanları barədə ətraflı məlumat
almaq, həmçinin bəyəndikləri məhsulları tədbir məkanında satın almaq imkanı əldə
ediblər.
Qeyd edək ki, dövlət tərəfindən
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
iqtisadi potensialının reallaşdırılması, sahibkarlıq mühitinin təşviqi və regionun
ölkə iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi istiqamətində həyata
keçirilən ardıcıl tədbirlər bu kimi təşəbbüslərin genişlənməsi üçün əlverişli
imkanlar yaradır. Bu baxımdan, “AzerGold” məhsullarının Naxçıvanda təqdim edilməsi
milli istehsalın təşviqi və region sakinlərinin yerli brendlərə çıxış
imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. “AzerGold” QSC
qızıl və gümüş məhsullarının marketinq və pərakəndə satışına dair 2026–2028-ci
illər üzrə strategiyasına uyğun olaraq, Naxçıvanla yanaşı, ölkəmizin müxtəlif
regionlarında qiymətli metal məhsullarının tanıdılması və sərgi-səyyar satış
günlər çərçivəsində satış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini
davam etdirəcək.