“Dünya bazarında ərzaq məhsullarının qiyməti artırsa, taxıl idxal edən ölkələrdən biri kimi, bizdə də çörəyin qiymətinin artması ehtimalı var”.
Manset.az xəbər verir ki, bu fikirləri Bakupost.az-a açıqlamasında Milli Məclisin Aqrara siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Tahir Rzayev bununla bağlı qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb:
“Bəzi ölkələrlə taxıl idxalına dair müqavilələr imzalanır, danışıqlar gedir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün cənab Prezident İlham Əliyev bütün vasitələrdən istifadə edir. Bu yaxınlarda ölkə başçısı İsmayıllı rayonunda səfərdə olarkən bu məsələyə geniş aydınlıq gətirdi. Bildirdi ki, əgər biz taxıl məhsullarına, xüsusilə ərzaqlıq taxıla olan tələbatımızı ödəmək istəyiriksə, taxıl sahələrini genişləndirməliyik.
Nəyinki əkin sahələrini genişləndirməliyik, eyni zamanda məhsuldarlığı artırmalı, müasir texnologiyanı təsərrüfatlara tətbiq etməli və yeni əkin sahələri müəyyən etməliyik. Nəticədə ərzaqlıq buğdaya olan tələbatı 80%-ə çatdırmağı əsas vəzifə kimi qarşıya qoymalıyıq. Ölkə rəhbəri həm də qeyd etdi ki, artıq işğaldan azad olunmuş ərazilərdə 50 min hektardan artıq sahədə taxıl əkilib, taxıl biçini yekunlaşmaq üzrədir və məhsuldarlıq yaxşıdır. Gələcəkdə həmin ərazilərdə 100 min hektarda taxıl əkilməsi planlaşdırılır”.
Komitə sədri bildirib ki, qabaqlayıcı tədbirlərdən biri də ərzaq məhsullarının ölkədən çıxarılmasına məhdudiyyətlərin qoyulmasıdır:
“Sözssüz ki, digər qabaqlayıcı tədbirlər də var. Bu ərzaq məhsullarının ölkədən çıxarılmasına məhdudiyyətlərin qoyulmasıdır. Nazirlər Kabinetinin bu barədə qərarı var. Bununla yanaşı israfçılığa yol verilməməsi ilə bağlı insanların maarifləndirilməsidir. Əlbəttə ki, bu gün ölkəyə taxıl idxalının sürətləndirilməsilə ilə əlaqədar tədbirlər görülür.
Biz daha çox ərzaqlıq buğdanı Ukrayna və Rusiyadan alırdıq. Bu ölkələrdə taxıl idxalı çətin olsa da, son aparılan danışıqlar ümid verir ki, biz həmin ölkələrdən də müəyyən qaydada taxıl idxal edə biləcəyik. Bu gün təşviş doğuran hal yoxdur. Ölkədə kifayət qədər ərzaqlıq buğda var. Ona görə də insanların təşvişə düşməsi lazım deyil. Çünki hökumət insanların bundan zərər çəkməməsi üçün bütün tədbirləri görməyə hazırdır”.