“AzerGold” QSC Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərini cəlb edəcək.
Manset.az QSC-yə istinadən xəbər verir ki, bu “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan memorandumda əksini tapıb.
Memoranduma əsasən, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub.
Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ-mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar