ABŞ Əlcəzairin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim etdiyi Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətnamə layihəsində Qəzzada dərhal atəşkəs tələb edilir və mülki şəxslərə qarşı bütün hücumlar pislənilir.
15 üzvdən ibarət BMT TŞ-də Birləşmiş Krallıq ABŞ-ın veto qoyduğu qətnamə layihəsinə səsvermədə “bitərəf” qaldığı halda, 13 ölkə “hə” deyə səs verib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild səsvermədən əvvəl verdiyi açıqlamada ABŞ-ın əsirlərin azad edilməsi üçün İsrail, Həmas, Misir və Qətərlə danışıqlar apardığını xatırladıb. O, bu sahədə razılıq əldə olunacağı halda hərbi əməliyyatlarda 6 həftəlik fasilə olacağını bildirib. Qrinfild diplomatiyanın vaxt tələb etdiyini və yerdəki faktların gözardı edilməməsi lazım olduğunu, Əlcəzairin qətnamə layihəsinin davam edən danışıqlara mənfi təsir edəcəyini vurğulayıb.
Həmçimnin, Qrinfild ABŞ-ın yeni bir qətnamə layihəsi təqdim etdiyini bildirib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi “Doğru zamanda, doğru şəkildə hərəkət edək" deyib.
Əfsanə Rəcəb
Manşet.az