Cell Press jurnalında dərc olunan yeni bir araşdırma, bədənin müxtəlif orqanlarının eyni sürətlə yaşlanmadığını və yetişkinlik dövründə kritik bir nöqtədə bir çoxunun daha sürətli zəifləməyə başladığını göstərib. Araşdırma, fiziki bozulmanın nəzərəçarpacaq dərəcədə sürətləndiyi bu dönüş nöqtəsini tam olaraq 50 yaş olaraq müəyyən edib. Alimlər, yaşlanmanın "addım-addım keçid" olmadığını, uşaq dövründə sürətli böyümə, gənclikdə nisbətən sabitlik və ilbəil sürətlənən bozulma ilə işarələnmiş mərhələlərdən ibarət olduğunu izah ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasından olan alimlər tərəfindən aparılan tədqiqatda, toxuma sağlamlığı üçün həyati əhəmiyyət daşıyan bədən proteinlərinin zamanla necə dəyişdiyi təhlil edilib. 14 ilə 68 yaş arasında travma nəticəsində həyatını itirmiş 76 donordan alınan 13 fərqli toxuma növünə aid 516 nümunə toplanıb və qan analizləri də daxil edilib.
Ən böyük dəyişikliklərin 45 ilə 55 yaşları arasında baş verdiyi və bu dövrdə bir çox toxumanın "önəmli bir proteomik yenidən qurulma" keçirdiyi məlum olub.
Araşdırılan toxumalar arasında, bədənin ən mühüm atardamarlarından biri olan aort, yaşlanmaya qarşı ən yüksək həssaslıq göstərib.
Dalak və mədəaltı vəz də diqqətəlayiq dəyişikliklər nümayiş etdirib. Mədəaltı vəzdəki bozulma, həzm və hormonal tənzimləmə kimi proseslər üzərində birbaşa nəticələrə səbəb ola bilər.