HƏMAS Qəzza zolağının idarəçiliyini fələstinli texnokrat komitəyə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS hərəkatının rəsmisi Basem Naim Qəzza zolağının idarəçiliyinin yeni yaradılacaq fələstinli texnokrat komitəyə verilməsinə və həmin komitənin fəaliyyətinə şərait yaradılmasına hazır olduqlarını bəyan edib.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin başladığını elan etməsindən sonra səsləndirilib.
HƏMAS rəhbərliyi və Qəzzadakı digər fələstinli qrupların nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Qəzza atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirədə toplaşıblar. HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Basem Naim verdiyi açıqlamada bildirib ki, hərəkat Qəzza zolağının idarəçiliyini yaradılacaq fələstinli texnokrat komitəyə təhvil verməyə hazırdır.
Naimin sözlərinə görə, “HƏMAS komitənin yaradılmasını müsbət qarşılayıb və Qəzza zolağının idarəçiliyini milli keçid komitəsinə verməyə, həmçinin onun fəaliyyətini asanlaşdırmağa hazır olduğunu bəyan edib”.
HƏMAS rəsmisi bu addımı atəşkəsin möhkəmləndirilməsi, yenidən müharibəyə qayıdışın qarşısının alınması, eləcə də fəlakət həddinə çatan humanitar böhranın yüngülləşdirilməsi və genişmiqyaslı yenidənqurmanın başlanması baxımından razılaşmanın icrasında mühüm və düzgün istiqamətdə atılmış addım kimi dəyərləndirib.