Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli “X” şirkətinin sosial media platformasındakı rəsmi hesabında yayımladığı məlumata görə, Kabildə Şahrı-Nəv rayonunda qeydə alınan partlayış nəticəsində çox sayda ölən və yaralananın olduğu ehtimal edilir.
Partlayışın səbəbi hələlik dəqiqləşməyib. Rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyib.
Təhlükəsizlik mənbələri baş verənlərin hücum xarakteri daşıdığını və hadisə zamanı Çin vətəndaşlarının hədəf alındığını bildiriblər.
İtaliya mərkəzli “Emergency” adlı qeyri-hökumət təşkilatı açıqlamasında qeyd edib ki, partlayışdan sonra Kabildə fəaliyyət göstərən cərrahiyyə mərkəzlərinə 20 nəfər gətirilib. Onlardan 7-si xəstəxanaya ölü vəziyyətdə çatdırılıb.
Məlumata görə, yaralılardan 4-ü qadın, 1-i isə uşaqdır.
Çinin Sinxua agentliyinə danışan hadisə şahidi isə bildirib ki, partlayışın baş verdiyi ərazidə yerləşən restoranlardan biri ciddi şəkildə zərər görüb.